BAKI,VOA Həcər Nəzərova
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda İranla hər hansı danışıqlar aparmadığını və əsas diqqətin Tehrana qarşı iqtisadi təzyiqin artırılmasına yönəldiyini bildirib.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranla danışıqların aparılıb-aparılmadığı ilə bağlı suala cavabında deyib ki, ABŞ Tehranla danışmaq istəmir və hazırda hər hansı görüş keçirmək niyyətində deyil.
ABŞ prezidenti İranla ticari əlaqələrini davam etdirən ölkələrin də sanksiyalarla üzləşə biləcəyinə işarə edib.
Tramp Rusiyanı və Çini də xəbərdar etdi
Trampa Rusiyanın İranla ticarət əlaqələrini davam etdirməsinə görə Moskvaya qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyi barədə sual verilib.
ABŞ prezidenti Rusiyanın indiyədək Hörmüz boğazı məsələsində “yaxşı davrandığını” bildirib. Bununla belə, Vaşinqtonun digər ölkələrin addımlarına cavab verdiyini vurğulayıb.
Çin banklarına qarşı sanksiyaların tətbiq olunub-olunmayacağı barədə sualı cavablandıran Tramp deyib ki, ABŞ-ın bütün addımlarını əvvəlcədən açıqlamaq kimi məcburiyyəti yoxdur.
İran Hörmüz boğazının açılması üçün şərtlər irəli sürür
İranın Yüksək Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzai isə Tehranın vasitəçilərdən Hörmüz boğazının yenidən dəniz nəqliyyatı üçün açılması ilə bağlı şərtlərini müəyyənləşdirməsini istədiyini açıqlayıb.
Rzainin sözlərinə görə, İran boğazın açılması üçün şərtlər siyahısı hazırlayıb. Bu şərtlər arasında regionda müharibənin dayandırılması da yer alır.
O bildirib ki, İran Oman Sultanlığı ilə Hörmüz boğazından keçid üçün dəniz dəhlizinin yaradılması barədə razılığa gəlib. Sözügedən dəhlizin bir hissəsinin İran və Oman ərazi sularından keçəcəyi qeyd olunub.
Rzai televiziya müsahibəsində bildirib ki, ABŞ İranın irəli sürdüyü şərtləri qəbul edərsə, gəmilər Hörmüz boğazının mərkəzi hissəsində yaradılacaq xüsusi kanaldan keçə biləcək.
İranlı rəsmidən Barron Trampla bağlı xəbərlərə açıqlama
İran rəsmisi eyni zamanda ABŞ prezidentinin kiçik oğlu Barron Trampa qarşı mümkün sui-qəsd planı barədə yayılan məlumatları təkzib edib.
ABŞ Məxfi Xidməti isə daha əvvəl İran dövlət televiziyasında Barron Trampa qarşı mümkün sui-qəsd planından bəhs edən görüntülərdən xəbərdar olduğunu açıqlamışdı.
Ağ Ev: Danışıqlar hələ başlamayıb
Ağ Evin sözçüsü Karolin Livitt də ABŞ-İran münasibətlərində diplomatik danışıqların aparılmadığını təsdiqləyib.
Livitt bildirib ki, Prezident Trampın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, ABŞ daha əvvəl İranın hərbi potensialına qarşı “Qəzəb dastanı əməliyyatı” həyata keçirib, hazırda isə ölkənin iqtisadiyyatına yönəlmiş təzyiq kampaniyası aparır.
Ağ Ev sözçüsü bildirib ki, Tramp nəticə əldə ediləcəyinə əmin olduğu bir danışıqlar masasına oturmağa hazır olduqlarını düşünənədək hazırkı siyasət davam edəcək.
Livitt bütün variantların hələ də masada qaldığını və dəniz blokadasının davam etdiyini də vurğulayıb.
ABŞ yeni iqtisadi sanksiyalara hazırlaşır
ABŞ Maliyyə naziri Skott Bessent daha əvvəl İranla maliyyə əlaqələrini kəsməyən ölkələrin sanksiyalarla üzləşəcəyini bildirmişdi.
Bessent bu prosesi ABŞ üçün “iqtisadi qələbə günü” kimi qiymətləndirsə də, ABŞ Maliyyə Nazirliyi indiyədək bu çərçivədə faktiki olaraq yeni sanksiya tətbiq etməyib.
Bu arada Qətərin Baş naziri diplomatik dialoqun bərpası səyləri çərçivəsində Tehrana səfər edib. Səfər ABŞ və İran arasında qarşılıqlı ittihamların artdığı və Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqi gücləndirmək niyyətini açıqladığı bir vaxtda baş tutub.
İranlı rəsmilər isə ABŞ-ın iqtisadi təzyiq siyasətini “hərtərəfli iqtisadi müharibə” kimi qiymətləndiriblər.