BAKI,VOA Orxan Qədirzadə
ABŞ administrasiyası Venesuelanın nəhəng neft yataqlarında pay əldə etməklə bağlı ölkənin müvəqqəti hökuməti ilə danışıqlar aparır. Mümkün razılaşmanın 12-dən çox hasilat yatağını əhatə edə biləcəyi bildirilir.
“Axios”un məlumatına görə, danışıqlar ABŞ-ın Venesuelada təxminən 90 milyard barrel təsdiqlənmiş neft ehtiyatına malik yataqlarda mülkiyyət payı əldə etməsi üzərində qurulub. Venesuelanın ümumi təsdiqlənmiş neft ehtiyatları isə təxminən 300 milyard barrel qiymətləndirilir.
ABŞ dövlət katibi Marko Rubio və Venesuelanın müvəqqəti prezidenti Delçi Rodriges danışıqlara rəhbərlik edir. Reuters-ə danışan mənbə razılaşmanın iki hökumətin ən yüksək səviyyəsində müzakirə edildiyini bildirib.
Tərəflərin mümkün hüquqi model kimi uzunmüddətli icarə müqaviləsini nəzərdən keçirdiyi, daha sonra yataqların ABŞ şirkətləri arasında hərrac və ya tender yolu ilə bölüşdürülməsinin planlaşdırıldığı qeyd olunur.
Razılaşmanın həyata keçirilməsi ABŞ-ın neft ehtiyatlarını əhəmiyyətli dərəcədə artıraraq ölkənin enerji təhlükəsizliyinə təsir göstərə bilər. Venesuela dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik ölkəsidir.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu planı hətta Venesuelanın keçmiş prezidenti Nikolas Maduroya qarşı yanvar ayında keçirilən əməliyyata icazə verməzdən əvvəl müzakirə edib.
Vaşinqtonun planı Venesuelanın təbii sərvətlərinin ABŞ şirkətlərinə verilməsi ilə bağlı siyasi mübahisələr də yarada bilər. Buna görə ABŞ administrasiyası razılaşmanın Venesuela xalqına iqtisadi fayda gətirəcəyini əsaslandırmağa çalışır.
Razılaşmanın nə vaxt imzalanacağı hələ məlum deyil. ABŞ energetika naziri Kris Raytın gələn həftə Venesuelaya səfəri və ölkədə Amerika şirkətlərinin neft hasilatını artırmaq imkanlarını müzakirə etməsi gözlənilir.