BAKI,VOA, Fərid Mikayılov
Rusiya Müdafiə Nazirliyi Kiyev vilayəti və Odessa şəhərində Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə edildiyi bildirilən obyektlərə zərbələr endirildiyini açıqlayıb.
VOA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 28-nə keçən gecə Ukraynanın hərbi məqsədlər üçün istifadə etdiyi logistika mərkəzləri və dəniz limanı hədəfə alınıb.
Nazirlik Kiyev vilayətində zərbə endirilən obyektlərdən birinin “Stellar Jet” şirkətinə məxsus anbar kompleksi olduğunu bildirib.
Rusiya tərəfinin iddiasına görə, həmin anbarda Ukraynanın uzaqmənzilli “Flamingo” qanadlı raketlərinin hazır nümunələri və raket sürətləndiriciləri üçün yanacaq saxlanılıb. Obyektə zərbə pilotsuz uçuş aparatları vasitəsilə endirilib.
Odessa limanında isə hərbi təyinatlı əmlakın saxlanıldığı altı anbarın vurulduğu bildirilir. Rusiya Müdafiə Nazirliyi həmin əmlakın Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulduğunu iddia edib.
Nazirlik əməliyyatın Ukraynanın hərbi logistika və uzaqmənzilli silah imkanlarına qarşı həyata keçirilən zərbələrin davamı olduğunu bildirib.
Qeyd edək ki, zərbələrin nəticələri və Rusiya Müdafiə Nazirliyinin hədəflərlə bağlı irəli sürdüyü iddiaların hamısı müstəqil şəkildə təsdiqlənməyib.