BAKI,VOA,Yusif Şərifzadə
Çinin Tibet bölgəsində cümə axşamı axşam saatlarında 5 bal gücündə zəlzələ baş verib. Almaniya Geologiya Elmləri Araşdırma Mərkəzinin məlumatına görə, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə, Tibetin şimalında yerləşib.
VOA xəbər verir ki, zəlzələnin mərkəzi bir gün əvvəl güclü qəfil daşqınların baş verdiyi Nepal və Çin ərazilərindən yüzlərlə kilometr şimalda qeydə alınıb. Daşqınlar nəticəsində yüzlərlə insanın həlak olduğu, mindən çox şəxsin isə itkin düşdüyü bildirilir.
Çinin Zəlzələ Şəbəkələri Mərkəzi çərşənbə günü Tibetin Naqçu bölgəsində 4,7 bal gücündə başqa bir zəlzələnin baş verdiyini də açıqlayıb.
Bununla yanaşı, Tibetdə daşqın təhlükəsinin davam etdiyi bildirilir. Çin bölgədə təbii sədd nəticəsində yaranmış gölün daşması və ya səddin dağılması təhlükəsi ilə əlaqədar dördüncü səviyyəli daşqına qarşı tədbirlər rejimini işə salıb.
Çinin Su Ehtiyatları Nazirliyi yerli hakimiyyət orqanlarına təbii sədd nəticəsində yaranmış göldə vəziyyəti və yağıntıların səviyyəsini diqqətlə izləmək barədə göstəriş verib.
Nazirlik vəziyyətin qiymətləndirilməsi və mümkün təhlükələrə qarşı tədbirlərin görülməsinə yardım məqsədilə Cironq rayonuna mütəxəssislərdən ibarət heyət də göndərib.