BAKI,VOA
İsrail məhkəməsi Qüdsdə fransalı katolik rahibəyə hücum edərək onu yerə yıxan israilli məskuna bəraət verib. Məhkəmə qərarı onun hadisə zamanı psixoz vəziyyətində olması ilə əsaslandırılıb.
Qüdsdəki məhkəmə Yona Səmha Şrayberin hadisə zamanı törətdiyi əməllərə görə məsuliyyət daşımadığı qənaətinə gəlib. Məhkəmə psixiatrın tövsiyəsi əsasında Şrayberin müalicə üçün xəstəxanaya yerləşdirilməsinə də qərar verib.
Şrayber aprelin sonunda həbs edilmişdi. Təhlükəsizlik kameralarının görüntülərində onun Qüdsün İçərişəhəri yaxınlığında fransalı katolik rahibəni zorla itələyərək yerə yıxdığı əks olunmuşdu.
Hadisə Fransa və Avropada geniş əks-səda doğurub. Fransanın Qüdsdəki konsulluğu hücumu pisləyərək Şrayberin mühakimə olunmasını tələb etmişdi. ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi də hücumu “iyrənc” adlandırıb, eyni zamanda məhkəmənin onun psixi vəziyyəti ilə bağlı qərarını başa düşdüyünü bildirib.
Hücumun görüntülərinin yayılması xristianlara və onların dini məkanlarına qarşı zorakılıqla bağlı müzakirələri yenidən gündəmə gətirib. Qüdsdə təxminən 9 900 xristian yaşayır və onlar şəhərdəki 13 rəsmi kilsə arasında bölünüblər.