BAKI,VOA,Yusif Şərifzadə
Nvidia şirkəti ABŞ-də dövlət siyasətinə təsir imkanlarını genişləndirmək məqsədilə əməkdaşlarının maliyyələşdirəcəyi siyasi fəaliyyət komitəsi yaratmağa hazırlaşır. Məsələ ilə tanış mənbənin məlumatına görə, yeni qurum “NVPAC” adlandırılacaq.
VOA xəbər verir ki, komitənin maliyyə vəsaiti Nvidia əməkdaşlarının könüllü ödənişləri hesabına formalaşdırılacaq. Şirkətin bu addımla ABŞ-də onun siyasət sahəsindəki məqsədlərinə uyğun mövqe tutan namizədlərin dəstəklənməsində iştirak imkanlarını genişləndirməsi nəzərdə tutulur.
ABŞ-də şirkətlərin federal səviyyədə siyasi fəaliyyət komitələri yaratması geniş yayılmış təcrübədir. Belə qurumlar şirkətlərin maraqlarına uyğun siyasəti müdafiə edən siyasi namizədlərə maliyyə dəstəyi göstərə bilir.
Nvidia-nın bu qərarı şirkətin ABŞ-də siyasi qərarların qəbuluna təsir imkanlarını gücləndirmək istədiyi bir dövrə təsadüf edir. Şirkət xüsusilə süni intellekt, yarımkeçiricilər, yüksək hesablama gücü və qabaqcıl texnologiyalar sahəsində dünyanın aparıcı müəssisələrindən biridir.
Nvidia bu addımla siyasi fəaliyyət komitəsi yaradan digər iri texnologiya şirkətlərinin sırasına qoşulur. Meta və Alfabet şirkətinə məxsus Qugl da ABŞ-də siyasi proseslərə maliyyə dəstəyi göstərmək üçün oxşar qurumlara malikdir.
Yeni komitənin hansı namizədləri dəstəkləyəcəyi və maliyyə fəaliyyətinin miqyasının nə qədər olacağı barədə hələlik ətraflı məlumat verilməyib.