BAKI,VOA, Fərid Mikayılov
ABŞ hərbçiləri ölkənin Meksika ilə sərhədi yaxınlığında narkotik kartellərinə aid olduğu bildirilən üç pilotsuz uçuş aparatını yüksək enerjili lazer silahı vasitəsilə zərərsizləşdirib.
VOA xəbər verir ki, hadisə Texas ştatının cənubunda, Rio-Qrande çayı vadisində baş verib. ABŞ hərbçiləri çoxməqsədli yüksək enerjili lazer sistemindən istifadə edərək üç pilotsuz uçuş aparatını vurublar.
Hərbçilər həmin uçuş aparatlarının ABŞ hərbi qulluqçuları və Gömrük-Sərhəd Mühafizəsi əməkdaşları üçün “fiziki təhlükə” yaratdığını bildiriblər.
Məlumata əsasən, Meksika narkotik kartelləri son dövrlərdə pilotsuz uçuş aparatlarından sərhəddə qanunsuz fəaliyyətlərə yardım göstərmək və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlarını müşahidə etmək məqsədilə daha çox istifadə edirlər.
ABŞ hərbçiləri lazer silahı ilə vurulan uçuş aparatlarının hadisə zamanı ABŞ, yoxsa Meksika ərazisində olduğunu açıqlamayıblar.
Bundan əvvəl də ABŞ-nin Meksika kartellərinə məxsus olduğu ehtimal edilən uçuş aparatlarına qarşı məxfi lazer sistemindən istifadə etdiyi bildirilmişdi. Lakin həmin hadisədə hədəflərin sonradan böyük ehtimalla hava şarları olduğu müəyyənləşdirilmişdi.
Sözügedən lazer sistemi sınaq xarakterli hərbi texnologiya kimi təqdim olunur. Onun istifadəsinin mülki aviasiya üçün mümkün təhlükələr yaratması ilə bağlı narahatlıqlar da mövcuddur.