BAKI,VOA,Yusif Şərifzadə
ABŞ vitse-prezidenti Cey Di Vens Hörmüz boğazında gəmi hərəkətinin əvvəlki səviyyəyə qayıtması üçün ərazinin minalardan təmizlənməli və ticarət gəmilərinin təhlükəsiz keçidinə təminat verilməli olduğunu bildirib.
VOA xəbər verir ki, Cey Di Vens "Foks Nyus"a müsahibəsində son bir həftə ərzində İranla Körfəz ölkələri, xüsusilə Oman arasında Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması ilə bağlı danışıqlar aparıldığını açıqlayıb.
ABŞ vitse-prezidentinin sözlərinə görə, hazırda əsas problemlərdən biri Hörmüz boğazında yerləşdirilmiş çoxsaylı minalardır. Vens iddia edib ki, İran müharibənin başlanğıcında boğazda çoxlu sayda mina yerləşdirib.
O bildirib ki, hazırda tərəflər gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsinə imkan verəcək yeni hərəkət qaydalarının yaradılması üzərində işləyirlər.
Vens vurğulayıb ki, təhlükəsiz gəmi hərəkətinin bərpası üçün görüləcək tədbirlər sırasında Hörmüz boğazının minalardan təmizlənməsi də yer almalıdır.
ABŞ vitse-prezidenti Vaşinqtonun Tehrandan ticarət gəmilərinə atəş açılmayacağına dair konkret öhdəlik almağa çalışdığını da bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz keçidinə təminat verilməsi bölgədə dəniz nəqliyyatının normal fəaliyyətinin bərpası üçün əsas şərtlərdən biridir.