BAKI,VOA,Yusif Şərifzadə
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı “indiyədək ən ağır iqtisadi əməliyyat” həyata keçirmək təhdidinə cavab verib. Əraqçi Vaşinqtonun iqtisadi təzyiq siyasətinin əvvəlki sanksiyalar kimi uğursuzluğa məhkum olduğunu bildirib.
VOA xəbər verir ki, Abbas Əraqçi ABŞ-nin İrana qarşı yeni iqtisadi təzyiq tədbirləri ilə bağlı açıqlamasında Vaşinqtonun uzun illərdir oxşar siyasət həyata keçirdiyini və bunun istənilən nəticəni vermədiyini iddia edib.
“Bu təkrarlanan film də uğursuzluğa məhkumdur”, – İranın xarici işlər naziri Trampın son təhdidinə münasibət bildirərkən deyib.
Əraqçi İranla ABŞ arasında uzun illər davam edən qarşıdurmaya toxunaraq Vaşinqtonun daha əvvəl də Tehrana qarşı ağır iqtisadi məhdudiyyətlər tətbiq etməklə hədələdiyini xatırladıb.
Onun sözlərinə görə, 14 il əvvəl ABŞ İrana qarşı “tarixdə ən sarsıdıcı sanksiyaları” tətbiq etməklə hədələmişdi. Əraqçi həmin siyasətin uğursuz olduğunu iddia edib.
“Biz bu filmi əvvəllər də görmüşük. Eyni köhnə hekayədir, sadəcə təzyiq göstərənlər dəyişib”, – İranın xarici işlər naziri bildirib.
Əraqçinin açıqlaması Vaşinqtonun Tehran üzərində iqtisadi təzyiqi daha da artırmağa hazırlaşdığı bir vaxta təsadüf edir. ABŞ İranla iqtisadi əlaqələri davam etdirən ölkələr və şirkətlərə qarşı əlavə tədbirlər görülə biləcəyini bildirir.
Tehran isə sanksiyaların İranın siyasətini dəyişdirməyəcəyini və iqtisadi təzyiq vasitəsilə ölkəni güzəştə məcbur etməyin mümkün olmadığını iddia edir.