ABŞ vitse-prezidenti Cey Di Vens Hörmüz boğazında təhlükəsiz gəmi hərəkətinin bərpası üçün ərazinin minalardan təmizlənməli olduğunu bildirib. Onun sözlərinə görə, İran və Körfəz ölkələri son bir həftə ərzində təhlükəsiz keçidin təmin edilməsi ilə bağlı danışıqlar aparırlar. Bu müzakirələrdə Omanın xüsusi rol oynadığı qeyd edilir. Vens İranın müharibənin əvvəlində Hörmüz boğazında çoxlu sayda mina yerləşdirdiyini iddia edib. Hazırda gəmilərin təhlükəsiz keçməsinə imkan verəcək yeni hərəkət qaydalarının yaradılması müzakirə olunur. ABŞ boğazın minalardan təmizlənməsini zəruri hesab edir. Vaşinqton, həmçinin İrandan ticarət gəmilərinə atəş açılmayacağına dair öhdəlik tələb edir. Bu tədbirlərin Hörmüz boğazında dəniz nəqliyyatının əvvəlki səviyyəyə qayıtması üçün vacib olduğu bildirilir.