BAKI,VOA,Yusif Şərifzadə
Livanın “Hizbullah” hərəkatı ABŞ-nin təşkilatın İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin nəzarəti altında fəaliyyət göstərməsi barədə iddiasını rədd edib. Açıqlama Vaşinqtonun “Hizbullah”a qarşı yeni sanksiyalar elan etməsindən və təşkilatla bağlı təsnifatını yeniləməsindən sonra verilib.
VOA xəbər verir ki, “Hizbullah” yaydığı bəyanatda ABŞ-nin Qüds qüvvələri ilə bağlı iddiasının təşkilata, onun tərəfdarlarına və maliyyə şəbəkələrinə qarşı uzun illərdir davam edən siyasətin növbəti mərhələsinə haqq qazandırmaq üçün istifadə edildiyini bildirib.
“Hizbullah” Vaşinqtonu sanksiyalar vasitəsilə Livana təzyiq göstərməkdə ittiham edib. Təşkilatın iddiasına görə, ABŞ-nin tədbirləri İsraili qorumaqla yanaşı, Livanı zəiflətməyə yönəlib.
Bununla belə, “Hizbullah” İranla yaxın münasibətlərinin olduğunu açıq şəkildə təsdiqləyib. Təşkilat bəyanatında İran İslam Respublikası ilə “yaxın və qardaşlıq münasibətlərini” yüksək qiymətləndirdiyini və bu əlaqələrlə fəxr etdiyini bildirib.
“Hizbullah” eyni zamanda özünün Livana məxsus siyasi-hərbi qüvvə olduğunu vurğulayaraq bunun təsdiqlənməsi üçün Vaşinqtonun mövqeyinə ehtiyac duymadığını bildirib. Təşkilat ABŞ-nin digər ölkə və qüvvələrin legitimliyini və milli mənsubiyyətini müəyyənləşdirmək üçün “mənəvi və ya hüquqi əsasa” malik olmadığını iddia edib.
Bəyanatda ABŞ-nin yeni sanksiyalarının təşkilatın mövqeyini dəyişməyəcəyi vurğulanıb. “Hizbullah” “müqavimət yoluna” sadiq qalacağını və Livanın ərazisini, suverenliyini və sərvətlərini müdafiə etmək hüququndan geri çəkilməyəcəyini bildirib.
Açıqlama ABŞ-nin cümə axşamı elan etdiyi yeni sanksiyalara cavab olaraq yayılıb. Vaşinqton “Hizbullah”la bağlı təsnifatını yeniləyərək təşkilatın İranın Qüds qüvvələrinin rəhbərliyi altında fəaliyyət göstərdiyinə dair mövqeyini daha qabarıq şəkildə ifadə edib.