BAKI,VOA
Dünyanın mühüm turizm məkanları arasında yer alan Antalyaya ilin əvvəlindən bu yana gələn xarici turistlərin sayı 10 milyonu keçib.
VOA xəbər verir ki, dünyanın dörd bir yanından ziyarətçi cəlb edən şəhərə ən çox turist göndərən ölkələr Rusiya, Almaniya və Böyük Britaniya olub.
Yanvarın 1-dən avqustun 21-dək 10 milyondan çox xarici turist ağırlayan Antalya, bir tərəfdən də şəhərdə təşkil olunacaq 77-ci Beynəlxalq Kosmonavtika Konqresi (IAC) və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlaşır.
Hər iki təşkilatın keçiriləcəyi dövrdə şəhərdəki otellərdə doluluq nisbətinin ən yüksək səviyyədə olacağı gözlənilir.
Aralıq Dənizi Turistik Otelçilər və İşlətməçilər Birliyinin sədri Kaan Kaşif Kavaloğlu turist sayında ötən illə müqayisədə müəyyən fərq olsa da, mövsümü ən yaxşı şəkildə başa vurmağa çalışdıqlarını bildirib.
Kavaloğlu deyib: "Antalyaya gələn turistlərin sayını önəmsəyirik. Oktyabr ayında Antalya Belekdəki 'NEST' Konqres Mərkəzində 77-ci Beynəlxalq Kosmonavtika Konqresini keçirəcəyik. Bu sahə ilə bağlı bütün tərəflərin Antalya və Türkiyədə bir araya gəlməsini çox vacib hesab edirik. Noyabrın 9-dan 20-dək keçiriləcək COP31 isə indiyədək Türkiyədə təşkil etdiyimiz ən böyük tədbirlərdən biri olacaq. Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin koordinasiyası, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, bələdiyyələr, yerli icra hakimiyyəti, özəl sektor və qeyri-hökumət təşkilatları ilə əlbir olaraq COP31-in uğurla yekunlaşması üçün çalışırıq".
Kavaloğlu COP31 üçün "EXPO" ərazisində gərgin iş aparıldığını vurğulayaraq bunun Antalya üçün ciddi bir investisiya olduğunu və şəhərə hər sahədə böyük töhfə verəcəyini qeyd edib.
COP31-in Antalya üçün qalıcı bir yatırım olduğunu bildirən Kavaloğlu: "Tədbir başa çatdıqdan sonra bu qəbilədən olan digər böyük proqramların da Antalyada təşkil edilməsi üçün əlimizdə çox böyük marketinq gücü olacaq", — deyə əlavə edib.
Otellərdən birinin işlətmə müdiri İsmayıl Çağlar isə bu il qış mövsümünü çox yaxşı keçirdiklərini, lakin may-iyun aylarında regiondakı geosiyasi gərginliklərin təsirinin hiss olunduğunu bildirib.
Yay mövsümündə doluluq faizinin yenidən yüksəldiyini deyən Çağlar: "İyul və avqust ayları etibarilə otellərimizdə sıxlıq artıb. Bu il fərqli olaraq daxili bazarda da ciddi hərəkətlilik var. Xüsusilə Antalyanın əsas turizm zonalarındakı otellər tamamilə dolub. Sentyabrın ilk həftəsinə qədər bu vəziyyət davam edir", — deyə vurğulayıb.
Turizm mövsümünün sonunda keçiriləcək Kosmonavtika Konqresi və COP31-in sektor üçün böyük əhəmiyyət kəsb etdiyini deyən İ. Çağlar xüsusilə Belek və Kundu zonalarında otellərə çox ciddi rezervasiyaların edildiyini diqqətə çatdırıb.