İran Prezidenti Məsud Pezeşkian Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb. Görüş Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində keçirilib. Pezeşkian ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələrin olduğunu bildirib. O, İranın heç vaxt müharibəni arzulamadığını vurğulayıb. İran Prezidenti ABŞ tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini deyib. Tərəflər Hörmüz boğazı ilə bağlı dəniz əməkdaşlığını da müzakirə ediblər. Çabahar limanında İran-Hindistan əməkdaşlığının gedişi nəzərdən keçirilib. Hindistanın Çabahar limanındakı sərmayəsinin azı 120 milyon dollar olduğu bildirilir.
#Hörmüz boğazı
İran ABŞ-yə məxsus “MQ-9” tipli pilotsuz uçuş aparatını (PUA) Hörmüz boğazı üzərində hava hücumundan müdafiə raketi ilə vurduğunu açıqlayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının açıq olması barədə ABŞ-ın iddialarını rədd edib. VOA xəbər verir ki, korpusun yaydığı bəyanatda ABŞ-ın bu açıqlamalarının neft qiymətlərinə nəzarət etmək və Vaşinqtonun uğursuzluqlarını gizlətmək cəhdi olduğu bildirilib. İran tərəfi boğazın İranın icazəsi olmadan gəmilər üçün bağlı olaraq qaldığını açıqlayıb.
İran hakimiyyəti ABŞ-la müharibə və Vaşinqtonun sərtləşdirdiyi sanksiyaların ölkə iqtisadiyyatına ciddi təsir göstərdiyini etiraf edib.
Ağ Ev ABŞ ilə İran arasında hazırda heç bir danışığın aparılmadığını açıqlayıb. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli yaxın dövr üçün danışıqların planlaşdırılmadığını da bildirib. Vaşinqton Tehranla hər hansı müzakirədə iştirak etmədiyini vurğulayır. Kelli Hörmüz boğazının açıq olduğunu da bildirib. ABŞ tərəfi strateji su yolunun minalardan tamamilə təmizləndiyini iddia edir. Açıqlama bölgədə gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdiyi bir dövrdə verilib. Qətər və digər bölgə dövlətləri İranla təmaslarını davam etdirsələr də, Vaşinqton birbaşa danışıqlara başlamayıb. ABŞ-İran danışıqlarının nə vaxt bərpa oluna biləcəyi hələlik məlum deyil.
Ağ Ev ABŞ-nin İrana qarşı dəniz mühasirəsinin tam qüvvəsi ilə davam etdiyini bildirib. Açıqlamanı Ağ Evin mətbuat katibinin müavini Anna Kelli verib. Onun sözlərinə görə, Vaşinqton İrana qarşı iqtisadi təzyiq tədbirlərini də davam etdirir. ABŞ bu tədbirləri “İqtisadi Təcrid Əməliyyatı” adlandırır. Əməliyyat İran hakimiyyətinin xarici iqtisadi əlaqələrini məhdudlaşdırmağa yönəlib. Vaşinqton İranın maliyyə və ticarət imkanlarına təzyiqi artırmağa çalışır. ABŞ son günlər İranla əlaqəli şəxslər və şirkətlərə qarşı yeni sanksiyalar da tətbiq edib. Ağ Evin açıqlaması İrana qarşı dəniz və iqtisadi təzyiq siyasətinin davam edəcəyini göstərir.
Bölgə dövlətləri İran müharibəsinin dayandırılması üçün əsas çıxış yolunu danışıqlarda görürlər. Rəşid əl-Mühənnədi müharibənin Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin iqtisadiyyatına təsir etdiyini bildirib. Bununla belə, Körfəz dövlətlərinin böhranlara qarşı əhəmiyyətli maliyyə ehtiyatlarına malik olduğu qeyd olunur. Qətərin Hörmüz boğazının bağlanması və hərbi hücumlar kimi mümkün vəziyyətlərə əvvəlcədən hazırlaşdığı bildirilir. Əl-Mühənnədi bölgə ölkələrinin əsas mövqeyinin tərəfləri danışıqlar masasına qaytarmaq olduğunu vurğulayıb. O, Hörmüz boğazının mümkün qədər tez açılmasının vacibliyini qeyd edib. Körfəzin dünya üzrə gübrə tədarükünün təxminən 20 faizini təmin etməsi müharibənin qlobal təsirlərini artırır. Mütəxəssis hesab edir ki, döyüş meydanı heç bir tərəfə üstünlük qazandırmadığından ən məqbul yol diplomatik danışıqlardır.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın təzyiq siyasətinin nəticə vermədiyini anlaması və diplomatik yanaşmaya üstünlük verməsi halında Tehranla danışıqların yenidən mümkün ola biləcəyini bildirib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İranın neft ixracını məhdudlaşdırmaq cəhdlərinə sərt münasibət bildirib. O, İranın neft sata bilməyəcəyi təqdirdə regiondakı digər ölkələrin də neft ixracına imkan verilməyəcəyini bəyan edib.
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Hörmüz boğazı məsələsində mövqeyini müsbət qiymətləndirib. O, Rusiyanın bu məsələdə kifayət qədər yaxşı davrandığını bildirib. Tramp İranın ciddi iqtisadi və maliyyə çətinlikləri ilə üzləşdiyini iddia edib. ABŞ Prezidentinin sözlərinə görə, Tehran hərbçilərinin əməkhaqqını ödəməkdə çətinlik çəkir. Tramp Vaşinqtonun vəziyyətə nəzarət etdiyini və İrana qarşı dəniz mühasirəsinin davam etdiyini bildirib. O, Hörmüz boğazından hər gün milyonlarla barel neft daşındığını iddia edib. ABŞ Prezidenti boğazın minalardan tamamilə təmizləndiyini də bildirib. Açıqlamalar Hörmüz boğazında təhlükəsizlik və enerji daşımaları ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.
Bəhreynin qeyri-neft iqtisadiyyatı 2026-cı ilin birinci rübündə illik müqayisədə 2,2 faiz böyüyüb. Neft sektorunda 37,2 faizlik kəskin daralma ümumi iqtisadiyyatın 3,8 faiz azalmasına səbəb olub. Buna baxmayaraq, qeyri-neft sahələri real ümumi daxili məhsulun 90,1 faizini formalaşdırıb. Maliyyə və sığorta fəaliyyəti 8,6 faizlik artımla qeyri-neft sahələri arasında ən yüksək göstəricini nümayiş etdirib. Birbaşa xarici investisiyaların həcmi 2,6 faiz artaraq təxminən 46,7 milyard ABŞ dollarına çatıb. Ölkədə çalışan Bəhreyn vətəndaşlarının orta əməkhaqqı da tarixi ən yüksək səviyyəyə yüksəlib. Bəhreyn ilk dəfə dünyanın ən rəqabətədavamlı 20 iqtisadiyyatı sırasına daxil olub. Beynəlxalq Valyuta Fondu isə 2027-ci ildə ölkə iqtisadiyyatının 4,5 faiz böyüyəcəyini proqnozlaşdırır.
Hörmüz boğazında hərəkət edən tanker naməlum mərmi ilə vurulub. Zərbədən sonra gəmidə yanğın baş versə də, alov söndürülüb. Tankerin bütün heyət üzvlərinin təhlükəsiz olduğu bildirilir. Hadisə avqustun 25-də yerli hakimiyyət orqanları tərəfindən qeydə alınıb. Tankeri hansı tərəfin və hansı vasitə ilə vurduğu hələ müəyyənləşdirilməyib. Aidiyyəti qurumlar hadisənin səbəblərini araşdırırlar. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları qurumu boğazdan keçən gəmiləri yüksək ehtiyatlılığa çağırıb. Bölgədə davam edən gərginlik fonunda Hörmüz boğazından gündəlik gəmi keçidlərinin müharibədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 95 faiz azaldığı bildirilir.