BAKI, VOA Orxan Qədirzadə
40 yaşını keçən portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo karyerasının son mərhələsinə yaxınlaşsa da, futbolu başa vurduqdan sonra ənənəvi mənada işə ehtiyac duymaya bilər.
“Əl-Nəsr”in futbolçusu olan Ronaldo artıq idmandan kənarda da böyük biznes imperiyası qurub. “Əl-Cəzirə”nin məlumatına görə, onun sosial şəbəkələrdə bir milyarddan çox izləyicisi var. Futbolçunun “Instagram” hesabında bir reklam paylaşımının dəyərinin təxminən 3 milyon dollar olduğu bildirilir. “Forbes” isə Ronaldonun meydandan kənar fəaliyyətlərdən son 12 ayda təxminən 65 milyon dollar qazandığını açıqlayıb.
Ronaldonun gəlirləri reklamla məhdudlaşmır. O, otelçilik, geyim, lisenziyalaşdırma, sponsorluq və müxtəlif investisiya layihələrinə sahibdir. Portuqaliyalı ulduzun tərəfdaşlıq əsasında yaratdığı otel brendinin hazırda dünyada 5 fəaliyyət göstərən hotelə malik olduğu qeyd edilir.
Ronaldo 2013-cü ildə öz geyim markasını da yaradıb. Şirkətin məhsul çeşidinə cins geyimlər, köynəklər, ayaqqabılar və eynəklər daxildir.
Futbolçu rəqəmsal media sahəsində də böyük uğur qazanıb. O, 2024-cü ildə “YouTube” kanalını istifadəyə verib və qısa müddətdə milyonlarla abunəçi toplayıb. Təxminən iki il sonra kanalın abunəçi sayı 83 milyonu, ümumi baxış sayı isə 1,5 milyardı keçib.
Beləliklə, Ronaldo futbol karyerasını başa vursa belə, biznes, reklam və rəqəmsal media fəaliyyətləri onun gəlirlərini davam etdirməsinə imkan verə bilər. Onun qarşısındakı əsas sual artıq hansı işdə çalışacağı deyil, futboldan sonra qurduğu böyük biznes imperiyasını necə genişləndirəcəyidir.