Livan hökuməti İranın Beyrutdakı səfirliyinin nümayəndəsini rəsmi izahat üçün Xarici İşlər Nazirliyinə çağırıb. Bu barədə Livanın informasiya naziri açıqlama verib. Nazirin sözlərinə görə, bu addım İranın "Təsnim" xəbər agentliyinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Hizbullah"ın Livan ərazisindən birgə əməliyyat keçirməsi barədə yaydığı məlumatdan sonra atılıb. Livan rəsmiləri bu növ hərbi fəaliyyətlərin ölkənin suverenliyi və daxili təhlükəsizliyi kontekstində ciddi araşdırılacağını və lazımi hüquqi-diplomatik tədbirlərin görüləcəyini bildiriblər.
Yaxın Şərq
İsrailin müdafiə naziri İsrael Katz Hizbullahın hücumlarının davam edəcəyi təqdirdə Livanda hərbi əməliyyatların genişləndirilə biləcəyini bildirib. Nazir görüşdən sonra açıqlamasında Hizbullahın İsrail ərazisinə kütləvi raket zərbələri endirdiyini iddia edib. Onun sözlərinə görə, buna cavab olaraq İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye bölgəsi də daxil olmaqla ölkənin müxtəlif ərazilərində intensiv hücumlar həyata keçirib.
İraqın ərazi sularında iki neft tankerinə endirilən zərbələr nəticəsində ən azı bir heyət üzvü həyatını itirib. İraqın Limanlar üzrə Baş Şirkətinin rəsmisi Fərxan əl-Fartusi bildirib ki, hücumdan sonra aparılan genişmiqyaslı xilasetmə əməliyyatları nəticəsində tankerlərdəki 51 işçi sağ-salamat təxliyə edilib və onların vəziyyəti hazırda qənaətbəxşdir. Hindistanın Bağdaddakı səfirliyi isə həlak olan şəxsin Hindistan vətəndaşı olduğunu təsdiqləyib. Məlumata görə, hücuma məruz qalan gəmilərdən biri ABŞ-a məxsus olan və Marşall adalarının bayrağı altında üzən "Safesea Vishnu" neft tankeridir.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general-mayor Turki əl-Maliki cümə axşamı verdiyi bəyanatda ölkənin hava hücumundan müdafiə sistemlərinin bir neçə düşmən pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini açıqlayıb. Məlumata görə, Riyadın strateji əhəmiyyətli Diplomatik Məhəlləsinə (Diplomatic Quarter) yaxınlaşmağa cəhd edən bir PUA paytaxtın hava məkanında vurulub. Eyni zamanda, ölkənin cənub-şərqindəki Rub-əl-Xali (Boş məhəllə) səhrası üzərində Şeybah neft yatağını hədəf alan daha iki PUA aşkar edilərək məhv edilib.
İsrail ordusunun 2 mart tarixindən etibarən Livana qarşı başlatdığı hərbi əməliyyatlar genişlənərək paytaxt Beyrutun mərkəzi və sahil hissələrini hədəf almağa davam edir. Son məlumatlara görə, İsrail hərbi təyyarələri şəhərin Dahiye və Remle Beyda bölgələrinə intensiv hava zərbələri endirib. Şahidlərin bildirdiyinə görə, Beyrutun mərkəzində şiddətli patlayış və aşağı hündürlükdə uçan qırıcıların səsləri eşidilib, vurulan nöqtələrdən qara dumanlar yüksəlib. Xüsusilə gecə saatlarında Remle Beyda sahilində həyata keçirilən hücumda dəniz kənarındakı bir avtomobilin hədəf alındığı və zərbənin gücündən dəniz suyunun metrlərlə hündürlüyə qalxdığı görüntülənib.
İraq Müdafiə Nazirliyi ölkədə yerləşən hərbi hava bazalarına qarşı həyata keçirilən hücumlara sərt reaksiya verib. Müdafiə Nazirliyi belə hücumların təkrarlanacağı təqdirdə İraqın buna səssiz qalmayacağını və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidə qarşı bütün hüquqlarından istifadə edəcəyini bəyan edib.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində beynəlxalq hava limanı yaxınlığında dron hücumu qeydə alınıb.Dubay Media Ofisinin açıqlamasına əsasən, hücum nəticəsində 4 nəfər yaralanıb. Yaralananlar arasında iki Qana vətəndaşı və bir Banqladeş vətəndaşı yüngül xəsarət, bir Hindistan vətəndaşı isə orta ağır xəsarət alıb.
İsrail ordusunun Livanın müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında daha 17 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail hərbi təyyarələri ölkənin cənubundakı Əl-Ənsariyyə qəsəbəsinə intensiv zərbələr endirib. Eyni zamanda, Sur şəhərinin cənub-şərqində yerləşən Hoş bölgəsində bir kafe İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alınıb. Səhiyyə Nazirliyi isə Beyrutun cənubundakı Avzai bölgəsində motosikletin hədəf alındığı hücumda bir nəfərin öldüyünü, Kana və Hoş qəsəbələrində isə ümumilikdə 6 nəfərin həlak olduğunu, çox sayda insanın yaralandığını açıqlayıb. Şərqi Zavtar, Kılaviyyə və Hinnaviyyə qəsəbələrində də ölümlə nəticələnən zərbələr qeydə alınıb.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İran tərəfindən pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirildiyi bildirilən hücumların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrinə yönələn bir sıra hücumların qarşısının alındığını bildirib.
Livan prezidenti Cozef Aun və Suriya prezidenti Əhməd əş-Şaraa telefon danışığı zamanı iki ölkə arasında sərhəd nəzarətinin gücləndirilməsinin vacibliyini müzakirə ediblər. Livan prezident administrasiyasının yaydığı məlumata görə, tərəflər hazırkı həssas vəziyyət fonunda koordinasiya və məsləhətləşmələrin artırılmasının, xüsusilə sərhəd xəttinə nəzarətin gücləndirilməsinin zəruri olduğunu vurğulayıblar.
Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səudun sədrliyi ilə Nazirlər Kabinetinin videokonfrans formatında iclası keçirilib.Nazirlər Kabineti İranın Səudiyyə Ərəbistanına, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə, eləcə də bir sıra ərəb, islam və dost dövlətlərə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyib. Bildirilib ki, mülki hədəflərin, hava limanlarının və neft obyektlərinin vurulması beynəlxalq hüququn və beynəlxalq konvensiyaların açıq şəkildə pozulmasıdır.
BAKI,VOA, Fərid Mikayılov Qətərin Müdafiə Nazirliyi ölkəyə yönəlmiş raket hücumunun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. VOA xəbər verir ki, rəsmi məlumata görə, Qətər Silahlı Qüvvələri ölkəyə yönəlmiş raketi vaxtında aşkar edərək onu havada məhv edib.