Yaxın Şərq

Artıq iki həftədir ki, İranın Körfəz ölkələrindəki yaşayış məntəqələrini, mülki obyektləri və kritik infrastrukturu hədəf alan raket və pilotsuz uçuş aparatı (PUA) hücumları davam edir. Cümə günü Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və bölgə dövlətləri bu hücumların təkcə regional təhlükəsizliyi deyil, həm də qlobal iqtisadiyyat və enerji bazarlarının sabitliyini təhdid etdiyini bəyan ediblər.

İsrail ordusunun gecə saatlarından başlayaraq Livanın müxtəlif nöqtələrinə təşkil etdiyi hava hücumları nəticəsində insan itkiləri kəskin artıb. Livanın rəsmi NNA agentliyinin yaydığı məlumata görə, son zərbələr nəticəsində həyatını itirənlərin ümumi sayı 23 nəfərə yüksəlib. Hücumların ən ağır nəticəsi Sur şəhərinin Burç Kalavay bölgəsində qeydə alınıb. İsrail döyüş təyyarələrinin buradakı tibb müəssisəsini hədəf alması nəticəsində 12 səhiyyə işçisi həyatını itirib. Livan Səhiyyə Nazirliyi tibbi personalın hədəf alınması ilə bağlı ilkin rəqəmləri təsdiqləyərək hadisəni kəskin pisləyib.

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə qüvvələri son 24 saat ərzində Krallığın müxtəlif strateji hədəflərinə yönəlmiş 20 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketi zərərsizləşdirib. Müdafiə Nazirliyinin məlumatına görə, cümə günü axşam saatlarından başlayan hücum dalğası ölkənin Şərq vilayəti, Rub-əl-Xali səhrası və şimaldakı Əl-Cof bölgəsini əhal edib. Paytaxt Riyad yaxınlığındakı Şahzadə Sultan Hava Bazasına atılan ballistik raket isə hədəfə çatmadan vurulub.

İsrail ordusu Hizbullahın iqtisadi sütunu hesab edilən "Al-Qard Al-Hasan" assosiasiyasına qarşı genişmiqyaslı və sistematik hərbi kampaniyaya başlayıb. Bu addım qruplaşmanın maliyyə infrastrukturunu çökdürmək və gəlir mənbələrini tamamilə kəsmək məqsədi daşıyır. 2024-cü il müharibəsində hədəf alınan, lakin sonradan fəaliyyətini bərpa edən bu qurum, hazırkı münaqişədə yenidən əsas hədəfə çevrilib. İsrail aviasiyası Beyrut, Beka vadisi və Livanın cənubundakı əksər filiallara intensiv hava zərbələri endirib. İsrail ordusunun sözçüsü Aviçay Adrae bildirib ki, Hizbullah mülki binaların altındakı gizli anbarlarda terror fəaliyyətlərini maliyyələşdirmək üçün milyonlarla dollar nağd vəsait saxlayır.

Qətər Müdafiə Nazirliyi ölkənin hava məkanını və təhlükəsizliyini hədəf alan ciddi bir təhdidin qarşısının alındığını rəsmən açıqlayıb. Nazirliyin ABŞ mərkəzli "X" sosial media platformasındakı rəsmi hesabı vasitəsilə yayılan bəyanatda bildirilir ki, Qətər Silahlı Qüvvələri ölkə ərazisinə yönəlmiş raket hücumunu uğurla dəf edib. Müdafiə sistemlərinin vaxtında müdaxiləsi nəticəsində raket hədəfə çatmadan zərərsizləşdirilib. Nazirlik hadisənin təfərrüatları barədə hələlik əlavə məlumat verməyib.

Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Səudiyyə Ərəbistanı və Fransa rəhbərləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı tərəflər Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiyanı və onun regional təhlükəsizlik və sabitliyə təsirini müzakirə ediblər.

Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində ölkə ərazisini hədəf alan irimiqyaslı hücumun qarşısını uğurla alıb. Krallığın müdafiə sistemləri İran tərəfindən buraxılan 70-dən çox pilotsuz uçuş aparatı (PUA) və 2 ballistik raketi havada zərərsizləşdirib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən verilən rəsmi məlumata əsasən, hədəf alınan ərazilər arasında mülki yaşayış məskənləri və mühüm iqtisadi obyektlər olub.

Bəhreyn ordusu fevralın 28-dən bəri davam edən regional gərginlik çərçivəsində İran tərəfindən ölkə ərazisinə yönələn hava hücumlarının statistikasını paylaşıb. Rəsmi "X" platformasında yayımlanan bəyanata əsasən, Krallığın hava hücumundan müdafiə sistemləri indiyədək İrandan atılan 115 raket və 191 pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib. Ordu rəhbərliyi qeyd edib ki, ballistik raketlər və dronlar vasitəsilə mülki əhalinin və şəxsi mülkiyyətin hədəf alınması beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır.

İsrail ordusunun Livanın cənubu, Bekaa bölgəsi və paytaxt Beyruta təşkil etdiyi son hava hücumları nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, ölkənin cənubundakı Sur şəhərində İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) bir avtomobili hədəf alıb və nəticədə 1 nəfər dünyasını dəyişib. Eyni zamanda, Bekaa bölgəsinin Ber Elyas rayonunda bir mənzilə endirilən zərbə nəticəsində "Camaat-i İslami" təşkilatının rəsmisi Yusuf ed-Dahukun iki oğlu həlak olub, özü isə ağır yaralanıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah cümə axşamı günü paytaxt Ər-Riyadda Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi İvet Kuperi qəbul edib. Nazirliyin mənzil-qərargahında baş tutan görüşdə iki ölkə arasındakı strateji münasibətlər və ikitərəfli əməkdaşlıq sahələri ətraflı nəzərdən keçirilib. Tərəflər Yaxın Şərqdəki son hadisələri, habelə bu problemlərin həlli istiqamətində göstərilən birgə səyləri müzakirə ediblər.

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri cümə günü gecə saatlarında ölkənin mərkəzi və şərq bölgələrini, o cümlədən paytaxt Riyaddakı Diplomatik Məhəlləni və strateji əhəmiyyətli Şeybah neft yatağını hədəf alan pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirib. Müdafiə Nazirliyinin rəsmi "X" platformasında verdiyi məlumata görə, Riyadın diplomatik korpusunun yerləşdiyi zonaya yaxınlaşmağa cəhd edən bir PUA vurulub, daha iki pilotsuz aparat isə Əl-Xarc bölgəsində aşkar edilərək məhv edilib.

Ərəb Liqasının Baş Katibliyi İsrail hakimiyyətinin müsəlmanların “Əl-Əqsa” məscidinə girişini məhdudlaşdırması və xüsusilə Ramazan ayında məscidin bağlanması ilə bağlı tədbirləri qətiyyətlə pisləyib. Təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, “Əl-Əqsa” məscidinə ibadət üçün girişin məhdudlaşdırılması dini azadlığın pozulması və Qüdsdə müqəddəs yerlərin tarixi-hüquqi statusunun dəyişdirilməsi cəhdi kimi qiymətləndirilir.