BAKI,VOA
1979-cu ilin iyun ayında Avstriyanın paytaxtı Vyanada keçirilən zirvə görüşü zamanı ABŞ Prezidenti Cimmi Karter və Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnev nüvə silahlarının məhdudlaşdırılmasına dair SALT-II sazişini imzaladılar. Həmin dövrdə iki supergüc arasında strateji silahlanma yarışını tənzimləmək məqsədi daşıyan sənəd Soyuq müharibənin ən mühüm diplomatik təşəbbüslərindən biri hesab olunsa da, son nəticədə rəsmi şəkildə qüvvəyə minmədi.
Mütəxəssislərin fikrincə, SALT-II həm ABŞ-Sovet münasibətlərinin mürəkkəbliyini, həm də nüvə silahlarının məhdudlaşdırılması sahəsində qarşıya çıxan siyasi maneələri aydın şəkildə nümayiş etdirən tarixi sənəd kimi yadda qalıb.
SALT-I-dən sonra başlayan yeni danışıqlar
SALT-II sazişinin hazırlanması prosesi 1972-ci ildə imzalanmış SALT-I müqaviləsindən sonra başlanmışdı. Həmin müqavilə nüvə silahlarının müəyyən kateqoriyalarının məhdudlaşdırılması istiqamətində mühüm addım sayılsa da, bir sıra əsas məsələlər açıq qalmışdı.
1972-ci ildə hər iki dövlət tərəfindən ratifikasiya edilən SALT-I-dən dərhal sonra Vaşinqton və Moskva arasında yeni danışıqlar başlasa da, uzun müddət ciddi nəticə əldə olunmadı. Buna baxmayaraq, 1970-ci illərin sonlarına yaxın həm ABŞ, həm də Sovet İttifaqı silahlanma yarışının daha təhlükəli mərhələyə keçməsindən narahat idi.
ABŞ rəhbərliyi Sovet İttifaqının strateji nüvə potensialını sürətlə artırdığını hesab edirdi. Moskva isə ABŞ ilə Çin arasında yaxınlaşan münasibətləri öz təhlükəsizliyi baxımından ciddi risk kimi qiymətləndirirdi. Bu amillər tərəfləri yeni razılaşma əldə etməyə sövq etdi.
Vyanada imzalanan tarixi sənəd
1979-cu ilin iyununda Vyanada keçirilən görüşdə Cimmi Karter və Leonid Brejnev SALT-II sazişinə imza atdılar.
Müqavilənin əsas məqsədi strateji nüvə silahlarının daşıyıcı sistemləri sahəsində iki dövlət arasında say baxımından balans yaratmaq idi. Sənəd həmçinin çoxsaylı müstəqil nüvə başlıqları daşıyan raketlərin – yəni bir raketdən bir neçə nüvə döyüş başlığının müxtəlif hədəflərə yönləndirilə bildiyi sistemlərin sayına da məhdudiyyətlər qoyurdu.
Saziş tərəflərin nüvə arsenalının tamamilə dayandırılmasını nəzərdə tutmurdu. Əksinə, onun əsas məqsədi silahlanma yarışını müəyyən çərçivələr daxilində saxlamaq və nəzarət mexanizmlərini gücləndirmək idi.
Lakin bir çox analitiklərin qiymətləndirməsinə görə, SALT-II nüvə yarışını nə dayandırdı, nə də əhəmiyyətli dərəcədə yavaşlatdı. Buna baxmayaraq, həmin dövr üçün iki supergüc arasında dialoqun davam etdirilməsi baxımından mühüm siyasi addım hesab edilirdi.
ABŞ-də sərt tənqidlər
Saziş imzalandıqdan sonra ABŞ daxilində ciddi mübahisələr başladı. Müqavilənin əleyhdarları sənədi Sovet İttifaqına güzəşt kimi qiymətləndirirdilər.
Dövrün tənqidçilər hesab edirdilər ki, razılaşma ABŞ-ni gələcəkdə yarana biləcək yeni sovet silah sistemləri qarşısında zəiflədə bilərdi. Onların fikrincə, müqavilədə göstərilməyən bir sıra müasir silah texnologiyaları Vaşinqton üçün təhlükə yaradırdı.
Hətta silahlanmaya nəzarət ideyasını dəstəkləyən bəzi siyasətçilər və ekspertlər də sənəddən tam razı qalmamışdılar. Onların fikrincə, SALT-II real mənada silahların azaldılmasını təmin etmirdi və yalnız müəyyən məhdudiyyətlər tətbiq edirdi.
Bu səbəbdən ABŞ Konqresində müqavilə ilə bağlı müzakirələr aylarla davam etdi və sənədin ratifikasiyası gecikdi.
Əfqanıstan hadisəsi sazişin taleyini dəyişdi
1979-cu ilin dekabrında Sovet İttifaqının Əfqanıstana hərbi müdaxiləsi beynəlxalq münasibətlərdə yeni böhrana səbəb oldu.
Moskvanın bu addımı Vaşinqtonda böyük narazılıq yaratdı və SALT-II sazişinin ratifikasiya perspektivlərini faktiki olaraq aradan qaldırdı.
ABŞ Prezidenti Cimmi Karter 1980-ci ilin yanvar ayında müqaviləni Senatın müzakirəsindən geri çəkdi. Beləliklə, sənəd imzalanmış olsa da, heç vaxt ratifikasiya edilmədi və rəsmi şəkildə qüvvəyə minmədi.
Siyasi müşahidəçilər həmin qərarı ABŞ-Sovet münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər.
Ratifikasiya olunmasa da, müəyyən müddət tətbiq edildi
SALT-II hüquqi baxımdan qüvvəyə minməsə də, tərəflər 1980-ci illər ərzində onun müddəalarına müəyyən dərəcədə əməl etməyə razılıq verdilər.
ABŞ və Sovet İttifaqı gələcək nüvə danışıqları baş tutana qədər müqavilədə nəzərdə tutulan məhdudiyyətlərə riayət etməyə çalışdı. Bu yanaşma sonrakı illərdə strateji silahların azaldılması üzrə yeni razılaşmaların hazırlanmasına zəmin yaratdı.
Tarixçilərin fikrincə, SALT-II sazişi hüquqi baxımdan uğursuz sayılsa da, nüvə silahlarına nəzarət sahəsində sonrakı diplomatik təşəbbüslərin formalaşmasına mühüm təsir göstərib və Soyuq müharibə dövrünün ən əhəmiyyətli silahlanmaya nəzarət təşəbbüslərindən biri kimi tarixə düşüb.