Yaxın Şərq

Küveyt Milli Qvardiyası ölkənin şimal və cənubundakı məsuliyyət zonalarında 6 pilotsuz uçuş aparatının (PUA) vurularaq salındığını elan edib. Küveyt Milli Qvardiyasının sözçüsü, briqada generalı Cadan Fazıl Cadan sosial media hesabı vasitəsilə verdiyi açıqlamada, xüsusi əhəmiyyət kəsb edən bölgələrdə 6 PUA-nın zərərsizləşdirildiyini təsdiqləyib. General Cadan bu addımın ölkənin təhlükəsizliyini artırmaq, həyati əhəmiyyətli obyektləri qorumaq və potensial təhdidlərin qarşısını almaq məqsədi daşıdığını qeyd edib.

İsrail hökumətinin Qüdsdə silahlanmanın genişləndirilməsi ilə bağlı qərarı regionda yeni gərginlik müzakirələrinə səbəb olub. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə əlavə 41 yəhudi məhəlləsinin sakinlərinə şəxsi odlu silah saxlamaq üçün lisenziya verilməsi barədə qərar qəbul edib. Bu qərar nəticəsində Qüdsdə yaşayan 300 mindən çox yəhudi sakinin silah əldə etmək hüququ yaranacaq.

Suriya prezidenti Əhməd əş-Şəraa Livan prezidenti Cozef Aunun Hizbullahın silahsızlaşdırılması istiqamətində apardığı siyasəti dəstəklədiyini açıqlayıb. Bu barədə Suriya dövlət mediası məlumat yayıb. Bildirilir ki, Əhməd əş-Şəraa Avropa rəsmiləri ilə keçirilən videokonfrans zamanı Suriyanın Livan rəhbərliyinin bu təşəbbüsünü dəstəklədiyini bildirib.

Küveyt Xarici İşlər Nazirliyi İran səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığını və ona rəsmi etiraz notasının təqdim edildiyini açıqlayıb. Nazirliyin bəyanatında bildirilib ki, İran səfiri martın 9-da artıq ikinci dəfə nazirliyə çağırılıb və bu addım İran tərəfindən Küveytə qarşı davam edən hücumlar fonunda atılıb. Küveyt tərəfi qeyd edib ki, İranın son hərbi fəaliyyətləri ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradır və bu addımlar rəsmi etirazla qarşılanıb.

UNICEF bildirib ki, İsrail ilə Hizbullah arasında müharibənin şiddətlənməsi fonunda Livanda 2 mart tarixindən bu yana ən azı 83 uşaq həyatını itirib, 254 uşaq isə yaralanıb. Açıqlamada həmçinin son 28 ay ərzində Livanda ümumilikdə 329 uşağın öldüyü, 1632 uşağın isə yaralandığı bildirilib.

İsrail hərbi hava qüvvələrinin martın 2-də Livana qarşı başlatdığı intensiv hava hücumları davam edir. İsrail ordusu xalqı yaşayış yerlərini tərk etməyə məcbur etdiyi paytaxt Beyrutun Dahiyə bölgəsini hədəf alıb. Məlumata görə, İsrail döyüş təyyarələri bir saat ərzində Dahiyə bölgəsinə iki hava zərbəsi endirib. Hücumlardan sonra güclü partlayış səsləri eşidilib və ərazidən qara tüstülər yüksəlməyə başlayıb. Eyni zamanda, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Beyrut üzərində alçaq hündürlükdə uçuşlar həyata keçirir.

Ərəb ölkələrinin xarici işlər nazirləri bazar günü İranın ərəb dövlətlərinə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyərək, bu hərəkətləri "beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid" adlandırıblar. Onlar BMT Təhlükəsizlik Şurasını Tehranı bu hücumları dərhal dayandırmağa məcbur etməyə çağırıblar. Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində keçirilən fövqəladə iclası iddia edilən hücumları müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə baş tutub. Sessiyanın sonunda iştirakçılar "İranın qanunsuz təcavüzlərini" pisləyən və İranı regiondakı müttəfiq silahlı qruplaşmalar və milislərdən istifadə də daxil olmaqla, "düşmən hərbi əməliyyatlarını və qonşu dövlətlərə qarşı bütün təxribat xarakterli hərəkətləri və ya təhdidləri" dərhal dayandırmağa çağıran 16 bəndlik bəyanat yayıblar.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bazar ertəsi gecə yarısından sonra Krallığın hava məkanına daxil olan ən azı üç ballistik raket və dörd pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımlarında bildirilir ki, Əl-Xərc bölgəsindəki Şahzadə Sultan aviabazasına doğru atılan üç ballistik raketin qarşısı alınıb və onlar məhv edilib. PUA-lardan ikisi paytaxt Ər-Riyadın şimal hissəsində, biri "Boş məkan" (Empty Quarter) səhrasındakı Şeybah neft yatağı üzərində, digəri isə şimaldakı Əl-Cof vilayətində zərərsizləşdirilib.

Səudiyyə Ərəbistanı və Küveyt bazar günü axşam saatlarında İran raketlərinin qarşısını aldıqlarını açıqlayıb. Bəhreyn də ABŞ və İsrailin İrana qarşı müharibəsinə cavab olaraq həyata keçirilən bu hücumlar fonunda həyəcan siqnallarını işə salıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bəyanatında paytaxt Ər-Riyaddan cənub-şərqdə, Əl-Xərc əyalətində yerləşən Şahzadə Sultan aviabazasına doğru atılan iki ballistik raketi zərərsizləşdirdiyini və məhv etdiyini bildirib. Daha sonra Nazirlik bazar ertəsi səhər saatlarında Rüb əl-Xali səhrasında Şeybə yatağına doğru hərəkət edən bir PUA-nın zərərsizləşdirilərək məhv edildiyini açıqlayıb.

İranın əsassız, təxribat xarakterli və məsuliyyətsiz şəkildə 1000-dən artıq raket və pilotsuz uçuş aparatından istifadə etməklə həyata keçirdiyi hücumlardan sonra, BƏƏ-nin hava hücumundan müdafiə sistemləri daxil olan təhdidlərin böyük əksəriyyətini yüksək peşəkarlıq, səmərəlilik və qüsursuz fəaliyyətlə zərərsizləşdirib.