BAKI,VOA, Fərid Mikayılov
İran və Oman Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin mərhələli şəkildə bərpası məqsədilə müvəqqəti dəniz dəhlizinin yaradılması və boğazın minalardan təmizlənməsi üzrə birgə layihənin həyata keçirilməsi məsələsini müzakirə edib.
VOA xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Omanın xarici işlər naziri Bədr əl-Busaidi Tehranda görüşərək fevralda İranda müharibənin başlamasından sonra gəmi hərəkətinin ciddi şəkildə məhdudlaşdığı Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər.
Tərəflərin birgə açıqlamasında danışıqlar zamanı təhlükəsiz gəmiçiliyin bərpasına imkan verəcək mərhələli çərçivənin nəzərdən keçirildiyi bildirilib.
Təklif olunan çərçivə Hörmüz boğazında birgə və müvəqqəti gəmiçilik dəhlizinin yaradılmasını, həmçinin su yolundakı minaların təmizlənməsi üçün İran və Omanın ortaq layihə həyata keçirməsini nəzərdə tutur.
Daimi dəhliz də müzakirə olunacaq
Növbəti danışıqlarda Hörmüz boğazında daimi gəmiçilik dəhlizinin yaradılması və su yolunun gələcək idarəetmə mexanizminin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Tərəflər, həmçinin məlumat mübadiləsi, gəmi hərəkətinin idarə olunması, naviqasiya və təhlükəsizlik xidmətlərinin göstərilməsi üçün xüsusi mexanizmin yaradılmasını müzakirə edəcəklər.
Omanın xarici işlər naziri Bədr əl-Busaidi Hörmüz boğazında müvəqqəti dəhlizlə bağlı razılaşmanın yaxın vaxtlarda açıqlana biləcəyinə ümid etdiyini bildirib.
“Ümid edirəm ki, Hörmüz boğazı üçün müvəqqəti dəhlizi tezliklə elan edəcəyik”, – deyə o bildirib.
Omanlı nazirin sözlərinə görə, Tehran və Maskat eyni zamanda daimi həll variantı və boğazın gələcəkdə hansı mexanizm əsasında idarə ediləcəyi ilə bağlı razılaşma üzərində işləyəcək.
Müvəqqəti yol İranın ərazi sularından keçəcək
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Oman körfəzindən Fars körfəzinə daxil olacaq gəmilər üçün nəzərdə tutulan müvəqqəti yol tamamilə İranın ərazi sularından keçəcək.
Əks istiqamətdə hərəkət edən gəmilər üçün nəzərdə tutulan yolun isə həm İranın, həm də Omanın ərazi sularından keçməsi planlaşdırılır.
Qəribabadinin sözlərinə görə, İran və Oman 30-60 gün ərzində məsələ ilə bağlı yeni danışıqlar keçirəcək.
Hörmüz boğazı ilə bağlı danışıqlar İran ətrafındakı hərbi və siyasi gərginliyin davam etdiyi bir şəraitdə aparılır. Boğaz dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıdığından burada gəmiçiliyin təhlükəsizliyinin bərpası beynəlxalq enerji bazarları baxımından da mühüm hesab olunur.
İran və Omanın müzakirə etdiyi mexanizmin həyata keçirilməsi Hörmüz boğazında gəmilərin hərəkətinin mərhələli şəkildə normallaşdırılmasına və gələcəkdə daha davamlı təhlükəsizlik mexanizminin yaradılmasına zəmin yarada bilər.