BAKI, VOA Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə mülki nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında təklif olunan sazişi Konqresə təqdim edib.
ABŞ administrasiyasının rəsmisinin Reuters-ə verdiyi məlumata görə, saziş bazar ertəsi Konqresə göndərilib. Sənəd ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanına mülki nüvə texnologiyalarının ixracına imkan verəcək.
Saziş 1954-cü il ABŞ Atom Enerjisi Qanununun 123-cü maddəsinə əsaslanır. Qanun ABŞ-ın digər ölkələrlə dinc məqsədli nüvə əməkdaşlığının hüquqi çərçivəsini müəyyənləşdirir.
Sənədin Konqresə təqdim edilməsindən sonra onun nəzərdən keçirilməsi üçün 90 günlük müddət başlayır. Bu müddətdə qanunvericilər sazişə etiraz edə bilərlər. Onun qarşısının alınması üçün Konqresin birgə qanun qəbul etməsi tələb olunur. Tramp belə qanuna veto qoyarsa, vetonun aradan qaldırılması üçün Konqresdə üçdə iki səs çoxluğu lazımdır.
Səudiyyədə milyardlarla dollarlıq nüvə layihəsi
ABŞ və Səudiyyə Ərəbistanı arasında nəzərdə tutulan əməkdaşlıq 30 il müddətinə hesablanıb. Saziş çərçivəsində Səudiyyə Ərəbistanında nüvə reaktorlarının inşası planlaşdırılır və layihənin dəyərinin on milyardlarla dollar olacağı bildirilir.
Reuters-in məlumatına görə, layihədə “AP1000” tipli reaktorların inşası nəzərdə tutulur. Bu layihədən ABŞ-ın “Westinghouse” şirkətinin də faydalanacağı gözlənilir.
Riyad nüvə enerjisi proqramını ölkənin enerji mənbələrini şaxələndirmək və neftdən asılılığı azaltmaq məqsədilə inkişaf etdirmək istəyir. Bu istiqamət Səudiyyə Ərəbistanının “Vision 2030” iqtisadi proqramının da əsas hədəfləri ilə əlaqələndirilir.
Tramp sazişi İsraillə normallaşma şərtinə bağlayıb
ABŞ administrasiyasının rəsmisi bildirib ki, Trampın sazişlə bağlı mövqeyi dəyişməyib. Onun sözlərinə görə, sənəd yalnız Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırmaq üçün “İbrahim sazişlərinə” qoşulmasından sonra qüvvəyə minə bilər.
Beləliklə, nüvə əməkdaşlığı yalnız enerji və iqtisadi layihə deyil, eyni zamanda Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik normallaşmanı təşviq etmək siyasətinin bir hissəsi kimi də nəzərdən keçirilir.
Səudiyyə Ərəbistanı və ABŞ ötən ilin iyulunda dinc məqsədli nüvə enerjisi sahəsində əməkdaşlıq barədə razılığa gəldiklərini açıqlamışdı.