BAKI,VOA, Fərid Mikayılov
ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölməsinin keçmiş üzvü Robert O'Nil naməlum uçan obyektlərlə bağlı diqqətçəkən iddia irəli sürüb. O, bu obyektlərin yadplanetlilərə deyil, ABŞ ordusunun gizli şəkildə sınaqdan keçirdiyi qabaqcıl texnologiyalara aid ola biləcəyini düşünür.
VOA xəbər verir ki, Robert O'Nil bu barədə “VladTV”yə müsahibəsində danışıb.
O'Nil 2011-ci ildə Üsamə bin Ladenin öldürüldüyü “Neptun nizəsi” əməliyyatında iştirak edib və sonradan bin Ladeni məhz özünün öldürdüyünü iddia edib.
Pentaqonun son illərdə açıqladığı naməlum uçan obyektlərin görüntüləri barədə suala cavab verən O'Nil hərbi xidməti dövründə belə obyektlərlə şəxsən qarşılaşmadığını bildirib.
Bununla belə, keçmiş xüsusi təyinatlı hərbçi həmin obyektlərin mənşəyi ilə bağlı fərziyyəsini bölüşüb. Onun fikrincə, ABŞ məlum texnologiyalardan 25-30 il irəlidə olan yeni hərbi vasitələr hazırladıqda onları öz hərbçiləri üzərində gizli şəkildə sınaqdan keçirə və onların reaksiyalarını öyrənə bilər.
O'Nil naməlum uçan obyektlərin yadplanetli mənşəli olduğuna inanmadığını bildirib. Onun qənaətinə görə, müşahidə edilən bəzi obyektlər ABŞ istehsalı olan və hərbi məqsədlər üçün gizli şəkildə sınaqdan keçirilən pilotsuz uçuş aparatları ola bilər.
Keçmiş hərbçi 1947-ci ildə ABŞ-nin Nyu-Meksiko ştatında baş verdiyi bildirilən Rozuell hadisəsi ilə bağlı məşhur iddialara da şübhə ilə yanaşıb.
“Əgər uçan boşqab Andromedadan bura qədər gəlib çata bilsəydi, Nyu-Meksikoda təsadüfən qəzaya uğramazdı”, – deyə O'Nil bildirib.
Qeyd edək ki, Robert O'Nil 1995-2012-ci illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölməsində xidmət edib. O, hərbi xidmətdən ayrıldıqdan sonra kitablar yazıb və televiziya şərhçisi kimi fəaliyyət göstərib.
O'Nilin naməlum uçan obyektlərin ABŞ-yə məxsus gizli hərbi texnologiyalar olması barədə fikirləri onun şəxsi fərziyyəsidir və açıqlamada bunu təsdiqləyən rəsmi dəlil təqdim edilməyib.