BAKI, VOA Orxan Qədirzadə
Pakistanın paytaxtı İslamabadda xəstəxananın ana və uşaq şöbəsində baş verən yanğın nəticəsində 14 yeni doğulmuş körpə ölüb.
Hadisə çərşənbə günü səhər Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) xəstəxanasında baş verib. Yanğın binanın üçüncü mərtəbəsində yerləşən doğum və qadın xəstəlikləri şöbəsində başlayıb.
İslamabad rəhbərliyinin məlumatına görə, yanğın qısa müddətdə nəzarətə alınıb, körpələr reanimasiya şöbəsinə köçürülüb. Xilasetmə əməliyyatına 6 yanğınsöndürən avtomobil və 4 təcili yardım maşını cəlb edilib.
Xəstəxananın nümayəndəsi Anizə Cəlil bildirib ki, yanğın zamanı şöbədə 15 körpə olub və onlardan yalnız biri xilas edilib. İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılması üçün komissiya yaradılıb. Yerli mətbuata danışan şahidlər isə xəstəxananın təmir işlərinin aparıldığı binada yerləşməsinin təhlükəsizliklə bağlı suallar doğurduğunu bildiriblər.
1985-ci ildə fəaliyyətə başlayan PIMS İslamabadın ən böyük dövlət xəstəxanası hesab olunur.