BAKI, VOA Orxan Qədirzadə
İran dövlət televiziyası ABŞ Prezidenti Donald Trampın oğlu Barron Trampın öldürülməsi üçün 10 milyon dollar mükafat vəd edib.
İran Radio və Televiziya Təşkilatının üçüncü kanalı tərəfindən yayımlanan videoda Barron Trampın gündəlik həyatı, təhsili, maraqları, mühafizəçiləri və getdiyi yerlərlə bağlı məlumatlar təqdim olunub. Videoda onunla əlaqəli olduğu iddia edilən bəzi ünvanlar da açıqlanıb.
Televiziya kanalının məlumatına görə, bu məlumatlar Nyu-Yorkdakı Tramp qülləsinin 58-ci mərtəbəsində Barronla müsahibə apardığı bildirilən bir qadın tərəfindən sızdırılıb.
ABŞ Məxfi Xidməti araşdırmaya başlayıb
ABŞ Məxfi Xidmətinin sözçüsü Neyt Herinq İran dövlət televiziyasında yayımlanan videodan xəbərdar olduqlarını və Barrona qarşı mümkün təhdidləri araşdırdıqlarını bildirib.
O qeyd edib ki, təhlükəsizlik səbəbilə mühafizə tədbirlərinin detalları barədə açıqlama verilmir.
Bu, İran mediasında Tramp ailəsinin hədəfə alındığı ilk belə material deyil. Ötən ay İran mediasında ABŞ-ın birinci xanımı Melaniya Trampın gündəlik həyatı və getdiyi yerlərlə bağlı olduğu iddia edilən məlumatlar da yayımlanmışdı.
Bundan əvvəl isə Trampın Türkiyədə NATO sammitində olduğu vaxt ona qarşı İran tərəfindən mümkün sui-qəsd planı barədə iddialar gündəmə gəlmişdi. Tramp həmin vaxt özünü İranın “sui-qəsd siyahısında birinci yerdə” olduğunu bildirmişdi