BAKI,VOA, Fərid Mikayılov
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin maliyyə naziri Skott Bessentin Tehrana qarşı yeni iqtisadi təzyiq tədbirlərini “İqtisadi D günü” adlandırmasına istehzalı münasibət bildirib.
VOA xəbər verir ki, Qalibaf sosial şəbəkə hesabında Bessentin açıqlaması zamanı jurnalistin ona ünvanladığı sualı və amerikalı nazirin cavabını diqqətə çatdırıb.
Bessent İrana qarşı nəzərdə tutulan yeni iqtisadi tədbirləri “İqtisadi D günü” ifadəsi ilə təqdim edib. Bu ifadə İkinci Dünya müharibəsi zamanı 1944-cü ildə müttəfiq qüvvələrin Normandiyaya çıxarmasına verilən “D günü” adı ilə əlaqələndirilir.
Mətbuata açıqlaması zamanı jurnalist Bessentdən iqtisadi tədbirlərin 1944-cü ildəki hərbi əməliyyatla necə müqayisə oluna biləcəyini soruşub.
“Mən niyə qlobal maliyyə sistemini dağıtmaq istəyim ki?” – deyə ABŞ-nin maliyyə naziri suala cavab verib.
Qalibaf isə Bessentin əvvəlcə “İqtisadi D günü” ifadəsini işlətməsi, ardınca qlobal maliyyə sisteminə zərər vurmaq istəmədiyini deməsi arasında ziddiyyət olduğunu iddia edərək buna istehzalı şəkildə münasibət bildirib.
“Özü: ‘İqtisadi D günü’. Beş saniyə sonra yenə özü: ‘Mən niyə qlobal maliyyə sistemini dağıtmaq istəyim ki?’”, – Qalibaf paylaşımında yazıb.
İran parlamentinin sədri daha sonra Bessentə müraciətlə bildirib: “Cənab, bura Normandiya deyil. Siz öz mətninizi unutmusunuz”.
Qalibafın açıqlaması Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiqləri gücləndirməyə hazırlaşdığı bir dövrə təsadüf edir.
İran rəsmiləri ABŞ-nin yeni iqtisadi tədbirlərini qanunsuz hesab edir və onların yalnız İran iqtisadiyyatına deyil, daha geniş beynəlxalq iqtisadi münasibətlərə də mənfi təsir göstərə biləcəyini bildirirlər.
Tehranla Vaşinqton arasında hərbi və siyasi gərginliklə yanaşı, iqtisadi qarşıdurmanın da güclənməsi iki ölkə arasındakı mübarizənin yeni mərhələyə keçdiyini göstərir.