BAKI, VOA Orxan Qədirzadə
Ukrayna Prezidenti Volodimir Zelenski Çinlə əməkdaşlığın genişləndirilməsinə və Pekinin Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması prosesində daha fəal diplomatik rol oynamasına ümid etdiyini açıqlayıb.
Zelenski Çinin dövlət başçısı Si Cinpinin Ukraynanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrikə cavab olaraq sosial şəbəkədə paylaşım edib. O, “Sülh bizim ortaq nailiyyətimiz ola bilər” ifadəsini işlədərək Pekinin müharibənin dayandırılması istiqamətində roluna diqqət çəkib.
Zelenskinin açıqlaması Rusiya ilə Ukrayna arasında döyüşlərin davam etdiyi və tərəflərin qarşılıqlı zərbələri intensivləşdirdiyi bir vaxta təsadüf edib.
Qara dənizdə qarşılıqlı zərbələr
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukrayna ordusuna aid təchizat daşıdığı iddia edilən üç yük gəmisinin, həmçinin bir tankerinin vurulduğunu açıqlayıb.
Moskva həmçinin Odessa və Pivdennı limanlarında infrastruktura, yanacaq anbarlarına və digər obyektlərə zərbələr endirildiyini bildirib.
Ukraynanın nəzarətində olmayan Zaporojye Atom Elektrik Stansiyası ərazisində isə Rusiya tərəfindən təyin edilmiş administrasiya Ukrayna PUA-sının hücumu nəticəsində iki texniki işçinin yaralandığını açıqlayıb.
Rusiyanın Rostov vilayətində də Novosaxtinsk neft emalı zavodunun PUA hücumu nəticəsində müvəqqəti fəaliyyətini dayandırdığı bildirilib.
Ukraynanın vəziyyəti ilə bağlı sərt tənqid
Bu arada Ukraynanın vəzifəsindən azad edilmiş müdafiə naziri Mixailo Fedorov ölkənin müharibədə tədricən gerilədiyini bildirib.
Fedorovun sözlərinə görə, Kiyev qarşıdakı aylarda hərbi vəziyyəti dəyişə biləcək mühüm qərarlar qəbul etməlidir. O, Ukraynanın müharibədə qələbəyə aparan hərtərəfli strategiyasının olmadığını, korrupsiya və siyasi himayədarlıq şəbəkələrinin problemlər yaratdığını iddia edib.
Ukrayna Prezident Administrasiyası isə Fedorovun mövqeyinə cavab olaraq onun nazir olduğu dövrdə müharibənin gedişatı barədə nikbin danışdığını və dəyişən əsas məqamın onun şəxsi statusu olduğunu bildirib.
Fedorov həmçinin müharibə şəraitində seçkilərin keçirilməsinə çağırıb. Zelenski isə belə bir addımın hazırkı şəraitdə ölkəyə zərər vura biləcəyini düşünür.
Ukraynada 2022-ci ilin fevralından tətbiq edilən hərbi vəziyyət seçkilərin keçirilməsinə imkan vermir.
Çin niyə Kiyev üçün vacibdir?
Zelenskinin Pekinə yönələn çağırışı Çinin Rusiya ilə yaxın siyasi və iqtisadi münasibətlərinə görə xüsusi əhəmiyyət daşıyır. Kiyev Çinlə daha sıx diplomatik əməkdaşlığın Moskva üzərində müharibənin dayandırılması istiqamətində təsir imkanlarını artıra biləcəyinə ümid edir.
Beləliklə, Ukrayna hərbi cəbhədə vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda diplomatik müstəvidə Çinin daha fəal iştirakını müharibənin başa çatdırılması üçün mümkün vasitələrdən biri kimi nəzərdən keçirir.