BAKI, VOA Orxan Qədirzadə
Qəzza zolağında uşaqların çərpələng uçurması İsrail ilə Fələstin arasında növbəti mübahisə mövzusuna çevrilib. İsrailin bununla bağlı “Sülh Şurası”na şikayət etməsindən sonra qurum Qəzzada çərpələng uçurulmasını da “silahlı fəaliyyət” kimi qiymətləndirib.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz daha əvvəl çərpələng, pilotsuz uçuş aparatları və şarlardan istifadə dayandırılmadığı təqdirdə hərbi əməliyyatların gücləndiriləcəyi və həmin ərazilərdə yaşayan insanların təxliyə ediləcəyi barədə xəbərdarlıq ediblər.
ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi və Qəzzada atəşkəs razılaşmasının icrasına nəzarət edən “Sülh Şurası” isə bütün “silahlı fəaliyyətlərin”, o cümlədən çərpələng uçurulmasının dayandırılmasını tələb edib. Bununla yanaşı, qurum İsrailin də atəşkəs rejiminə əməl etməli olduğunu və hərbi əməliyyatların yalnız “real və qaçılmaz təhdidlərə” cavabla məhdudlaşmalı olduğunu bildirib.
HƏMAS-ın siyasi bürosunun üzvü Bassem Naim qərara sərt reaksiya verərək uşaqların çərpələng uçurmasının “silahlı fəaliyyət” kimi qiymətləndirilməsini tənqid edib. O, Qəzzadakı uşaqların dağıntılar arasında uşaqlıqlarını yaşamağa çalışdığını bildirib.
İsrail ordusu isə daha əvvəl Nahal Oz yaşayış məntəqəsi yaxınlığında aşkarlanan dörd çərpələngi yoxladıqdan sonra onların heç birində şübhəli material tapılmadığını və ictimaiyyət üçün təhlükə yaratmadığını açıqlamışdı.
BMT-dən İsrailə xəbərdarlıq
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İsrail rəhbərliyinin çərpələng uçurulan ərazilərin sakinlərini təxliyə etməklə bağlı təhdidlərini pisləyib.
Komissarlığın sözçüsü Ravina Şamdasani uşaqların çərpələng uçurmasına görə insanların ərazidən çıxarılması ilə hədələnməsini “şokedici” adlandırıb və bu cür bəyanatların beynəlxalq insan hüquqları və humanitar hüquqa hörmətsizliyi göstərdiyini bildirib.
Qəzzada fəaliyyət göstərən yerli komitələr də uşaqların çərpələng uçurmasının qarşısını almaq üçün valideynlərə müraciət ediblər. Bildirilib ki, məqsəd uşaqların oyun hüququnu məhdudlaşdırmaq deyil, onların təhlükəsizliyini qorumaqdır.
Qəzzada atəşkəsə baxmayaraq itkilər davam edir
Çərpələng ətrafında yaranan mübahisə İsrail ilə HƏMAS arasında 2025-ci il oktyabrın 10-dan qüvvədə olan atəşkəs rejiminin pozulması ilə bağlı qarşılıqlı ittihamların davam etdiyi bir vaxtda baş verib.
Məlumata görə, çərşənbə axşamı İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində 7 fələstinli həyatını itirib. Onlardan 4-ü Beyt Lahiyada Kəmal Ədvan xəstəxanası yaxınlığında evə endirilən zərbə nəticəsində ölüb. Daha bir nəfər Xan Yunisdəki Əl-Məvasi bölgəsində pilotsuz uçuş aparatının hücumu nəticəsində həyatını itirib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, atəşkəsin pozulması nəticəsində indiyədək 1 296 fələstinli həlak olub, 4 296 nəfər yaralanıb.