BAKI,VOA
İranın ali rəhbəri Müctəba Xameneinin hərbi rəhbərlərlə görüşdə ilk dəfə açıq şəkildə görüntüləndiyini iddia edən video sosial şəbəkələrdə geniş yayılıb. Araşdırma isə videonun yeni olmadığını, təxminən 4 il əvvəl çəkildiyini və hərbi toplantı ilə əlaqəsinin olmadığını göstərib.
Sosial şəbəkə hesabları videonu İranın ABŞ-a qarşı yeni iqtisadi təzyiqlərlə üzləşdiyi dövrdə yayımlayaraq onun Hörmüz boğazı və müharibə ilə bağlı hərbi məsələləri müzakirə etdiyini iddia edib.
Lakin görüntülərin təhlili zamanı videoda iştirak edən şəxslərin hərbi forma geyinmədiyi, toplantının da hərbi iclasa bənzəmədiyi müəyyənləşdirilib.
Araşdırmada diqqətçəkən başqa bir detal da görüntünün arxa fonundakı çərçivə olub. Çərçivədə İslam Respublikasının banisi Ruhullah Xomeyni ilə sabiq ali rəhbər Əli Xameneinin şəkilləri yer alır. Müctəba Xameneinin 2026-cı ilin martında ali rəhbər seçilməsindən sonra isə rəsmi tədbirlərdə onun şəklinin atasının şəkli ilə birlikdə nümayiş etdirilməyə başladığı bildirilir.
Videonun mənbəyinin araşdırılması görüntülərin İranın “Fars” agentliyi tərəfindən 24 avqust 2026-cı ildə yayımlandığını göstərib. Agentlik materialın Müctəba Xameneinin ali rəhbər seçilməsindən əvvəlki dövrə aid olduğunu təsdiqləyib.
Daha əvvəl yayımlanan versiyanın izinə də rast gəlinib. Video 18 avqust 2026-cı ildə İranın “Aparat” platformasında paylaşılmış və görüntünün doktorantura müdafiəsi ilə bağlı olduğu müəyyənləşdirilib.
Müctəba Xameneinin isə işdə elmi rəhbər kimi iştirak etdiyi bildirilir.
Dissertasiya əsasında hazırlanan kitabın 2022-ci il martın 16-da Qum şəhərində nəşr edilməsi də görüntünün hazırkı dövrə aid olmadığını təsdiqləyən əsas sübutlardan biri kimi göstərilir.
Beləliklə, sosial şəbəkələrdə “Müctəba Xameneinin ilk açıq görünüşü” kimi təqdim edilən video əslində illər əvvəl çəkilmiş elmi toplantının görüntüləridir.