BAKI,VOA,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman bin Casim Al Taninin Tehrana səfərinin əsas məqsədlərindən biri İranın Omanla Hörmüz boğazı üzrə əldə etdiyi razılaşmanı praktik şəkildə həyata keçirməyə nə dərəcədə hazır olduğunu müəyyənləşdirməkdir. Qətər Universitetinin beynəlxalq münasibətlər üzrə dosenti Abdullah Bəndər əl-Üteybi bu səfərin İran tərəfinin mövqeyini yenidən qiymətləndirmək üçün mühüm imkan yaratdığını bildirib.
VOA xəbər verir ki, əl-Üteybinin sözlərinə görə, Qətərin Baş naziri İranın Omanla əldə edilən razılaşmaya ciddi yanaşıb-yanaşmadığını və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə hazır olub-olmadığını müəyyənləşdirməyə çalışacaq. İran və Oman müvəqqəti gəmiçilik dəhlizinin yaradılması və boğazın minalardan təmizlənməsi ilə bağlı mərhələli çərçivə üzərində işləyirlər.
Qətərli mütəxəssisin fikrincə, görüşlər həmçinin İran rəhbərliyi daxilində Hörmüz boğazı ilə bağlı vahid mövqenin olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək. Əsas məsələlərdən biri Tehran tərəfindən əldə edilən razılaşmaların ölkənin müxtəlif siyasi və hərbi qurumları tərəfindən eyni şəkildə icra olunub-olunmayacağıdır.
Əl-Üteybi bu məqamın xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, İran və Oman müvəqqəti gəmiçilik yolu ilə bağlı razılaşmanı açıqladıqdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazına tam nəzarət etdiyini bildirən ayrıca açıqlama yayıb.
İran və Oman arasında müzakirə olunan çərçivə Hörmüz boğazında müvəqqəti gəmiçilik dəhlizinin yaradılmasını və minaların təmizlənməsini nəzərdə tutur. Danışıqların məqsədi strateji su yolunda təhlükəsiz gəmiçiliyin bərpasına şərait yaratmaqdır.
Qətərin Tehranla apardığı danışıqlar bölgədə gərginliyin azaldılması istiqamətində diplomatik səylərin gücləndiyi bir vaxta təsadüf edir. Doha İranla digər tərəflər arasında dialoqun bərpası və Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması istiqamətində vasitəçilik fəaliyyətini davam etdirir.