BAKI,VOA,Yusif Şərifzadə
İran və Qətər Hörmüz boğazının minalardan təmizlənməsi məqsədilə birgə layihənin həyata keçirilməsinə dair razılaşmanı müzakirə ediblər. Məsələ Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman bin Casim Al Taninin Tehrana səfəri çərçivəsində gündəmə gətirilib.
VOA xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin məlumatına əsasən, müzakirələr Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında keçirilən görüş zamanı aparılıb.
Tərəflər Hörmüz boğazında müvəqqəti birgə gəmiçilik dəhlizinin yaradılmasını nəzərdə tutan mərhələli çərçivə təklifini də nəzərdən keçiriblər. Bu çərçivəyə boğazın minalardan təmizlənməsi üzrə birgə layihənin həyata keçirilməsi ilə bağlı razılaşma da daxildir.
Görüşdə bölgədə baş verən son hadisələr, gərginliyin azaldılması və dialoq üçün uyğun şəraitin yaradılması istiqamətində aparılan səylər də müzakirə olunub.
Hörmüz boğazının təhlükəsizliyi son dövrdə bölgədə aparılan diplomatik danışıqların əsas mövzularından birinə çevrilib. Qətərin Tehranla apardığı müzakirələr də boğazda təhlükəsiz gəmiçiliyin təmin olunması istiqamətində göstərilən diplomatik səylərin bir hissəsidir.