BAKI,VOA,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi elçisinin müavini Klaudio Kordone İsrailin yüksək vəzifəli rəsmilərinin Suriya ərazisində İsrail hərbi qüvvələrinin müddətsiz saxlanılmasını müdafiə edən açıqlamalarından narahat olduğunu bildirib.
VOA xəbər verir ki, Klaudio Kordone BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı İsrail qüvvələrinin Suriyadakı mövcudluğunun ölkənin suverenliyini və ərazi bütövlüyünü pozduğunu deyib. Onun sözlərinə görə, bu vəziyyət 1974-cü ildə imzalanmış Qüvvələrin Ayrılması haqqında Sazişin müddəalarına da uyğun deyil.
Kordone İsrail qüvvələrinin Suriyanın cənubunda hərbi fəaliyyətlərini davam etdirdiyini bildirib. O, İsrail hərbçilərinin bölgədə quru əməliyyatları keçirdiyini, evlərdə axtarışlar apardığını və şəxsi, eləcə də kənd təsərrüfatı əmlakına ziyan vurduğunu qeyd edib.
BMT rəsmisinin sözlərinə görə, bu fəaliyyətlər xüsusilə Qüneytrə və Yərmuk hövzəsində müşahidə olunur. O, həmin ərazilərdə davam edən hərbi əməliyyatların vəziyyətlə bağlı narahatlığı daha da artırdığını vurğulayıb.
Kordone İsrailin Suriyanın şimal-qərbində, Hələb yaxınlığında yerləşən Əbu əz-Zuhur hərbi hava bazasına endirdiyi hava zərbəsini də pisləyib. BMT rəsmisi bu hücumu “narahatlıq doğuran daha bir hadisə” kimi qiymətləndirib.
BMT nümayəndəsinin açıqlaması İsrailin Suriyanın cənubundakı hərbi fəaliyyətinin davam etdiyi və bölgədə yeni qarşıdurma ehtimalı ilə bağlı narahatlığın artdığı bir dövrə təsadüf edir.