BAKI,VOA Orxan Qədirzadə
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya gizli səfəri Vaşinqtonun Rusiya ilə bağlı narahatlığını və mümkün risklərə qarşı diplomatik kanalları işə saldığını göstərib.
ABŞ mətbuatının yazdığına görə, Retkliff səfər zamanı Rusiya rəsmilərinə Moskvanın NATO üzvü ölkələrdən hər hansı birinə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib. “The Wall Street Journal” və CBS News-un məlumatlarına əsasən, ABŞ kəşfiyyatı Rusiyanın qarşıdakı illərdə NATO-nun birliyini məhdudmiqyaslı hücumla sınağa çəkə biləcəyini ehtimal edir.
Retkliff çərşənbə axşamı əvvəlcədən elan edilməyən səfərlə Moskvaya gedib. O, 2022-ci ildə Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya səfər edən ən yüksək vəzifəli ABŞ rəsmilərindən biri olub.
ABŞ Prezidenti Donald Tramp isə səfəri “demək olar ki, rutin” adlandıraraq danışıqların əsasən Ukraynadakı müharibə ilə bağlı olduğunu bildirib. Bununla yanaşı, CBS News Retkliffin İran müharibəsi və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması məsələlərinə də toxunduğunu yazıb.
Kremlin sözçüsü Dmitri Peskov Retkliffin Rusiya kəşfiyyat rəsmiləri ilə görüşdüyünü, lakin Prezident Vladimir Putinlə görüşmədiyini açıqlayıb. Peskov danışıqları “müsbət” qiymətləndirsə də, müzakirə olunan məsələlərin təfərrüatlarını açıqlamayıb.