BAKI,VOA,Yusif Şərifzadə
Misirin xarici işlər naziri Bədr Əbdülati ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Tərəflər Yaxın Şərqdə baş verən son hadisələr, xüsusilə Hörmüz boğazındakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
VOA xəbər verir ki, danışıqlar zamanı İran və Omanın Hörmüz boğazında müvəqqəti dəniz dəhlizinin yaradılması ilə bağlı birgə təklifi də müzakirə olunub. Misir Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər bölgədəki mövcud vəziyyət və son diplomatik təşəbbüsləri nəzərdən keçiriblər.
İran və Oman arasında müzakirə olunan təşəbbüs Hörmüz boğazından gəmilərin keçidi üçün müvəqqəti dəhlizin yaradılmasını nəzərdə tutur. Tərəflər boğazda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də danışıqlar aparırlar.
Əbdülati və Lavrov telefon danışığı zamanı Misir-Rusiya münasibətlərinə də toxunublar. Tərəflər iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi məsələlərini nəzərdən keçiriblər.
Hörmüz boğazı ətrafında aparılan danışıqlar bölgədə gərginliyin davam etdiyi bir dövrdə xüsusi əhəmiyyət daşıyır. İran və Omanın müvəqqəti dəniz dəhlizi ilə bağlı təşəbbüsü boğazda təhlükəsiz gəmiçiliyin bərpası istiqamətində diplomatik addımlardan biri kimi qiymətləndirilir.