BAKI,VOA, Fərid Mikayılov
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ABŞ və İsrailin hücumlarından sonra İranın zərər görmüş nüvə obyektlərini yenidən qurmağa başladığını təsdiqləyən əsaslı sübutların olmadığını bildirib.
VOA xəbər verir ki, Qrossinin sözlərinə görə, müharibə səbəbindən Tehranın nüvə proqramı ilə bağlı danışıqlar hazırda dalana dirənib.
MAQATE rəhbəri İranın təxminən 440 kiloqram yüksək zənginləşdirilmiş uran ehtiyatının ötən il baş vermiş 12 günlük müharibə zamanı olduğu yerdə qaldığını bildirib.
Qrossi İranın nüvə obyektlərinin hücumlar nəticəsində ciddi zərər gördüyünü təsdiqləyib. Bununla belə, o, Tehran tərəfindən həmin infrastrukturun bərpasına başlanıldığına dair hazırda etibarlı məlumatların olmadığını vurğulayıb.
“Obyektlər ciddi zərər görüb. Ola bilsin ki, infrastrukturun müəyyən hissəsinin bərpasına başlayıblar, bunu istisna etmək olmaz. Lakin bunun baş verdiyini göstərən əsaslı sübut yoxdur”, – Qrossi bildirib.
Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı vəziyyət həllini gözləyən əsas məsələlərdən biri olaraq qalır.
MAQATE-nin İranda fəaliyyətini bərpa etməyə hazır olduğunu bildirən Qrossi bunun mümkün qədər tez baş tutacağına ümid etdiyini vurğulayıb.
Qrossinin açıqlaması İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin ölkənin nüvə sənayesinin dünyanın qabaqcıl dövlətləri ilə eyni səviyyədə olduğu barədə bəyanatından sonraya təsadüf edib.