Uzun illərdir ki, İslam Respublikasının strateji süqut nöqtəsinə doğru sabit addımlarla irəlilədiyini görürdük. Həmin an artıq gəlib çatdı, lakin bu, regiondakı bir çoxlarının gözlədiyindən tamamilə fərqli bir şəkildə baş verdi. ABŞ və İsrailin İranın nüvə və hərbi infrastrukturuna qarşı koordinasiyalı zərbələri Yaxın Şərqin onilliklər boyu şahidi olduğu ən təhlükəli eskalasiyadır. Lakin bu zərbələr yalnız İran sisteminin çöküş ehtimalından xəbər vermir, həm də daha təhlükəli bir regional səhifəni açır.
Yaxın Şərq
Regionda artan hərbi gərginlik fonunda Bəhreyn, ABŞ və Böyük Britaniya təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün təcili məsləhətləşmələr keçirib. Bəhreyn Milli Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, Manama “Təhlükəsizlik İnteqrasiyası və Rifah üzrə Kompleks Saziş”in ikinci maddəsini aktivləşdirərək fövqəladə məsləhətləşmələr prosesini başladıb. Məsləhətləşmələr saziş çərçivəsində fəaliyyət göstərən Müdafiə üzrə İşçi Qrupunun formatında keçirilib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bildirib ki, bu gün ölkənin hava müdafiə sistemləri 15 balistik raket və 119 pilotsuz uçuş aparatını (PUA) məhv edib. BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada deyilir ki, hava müdafiə sistemi tərəfindən aşkarlanan 16 balistik raketin 15-i dayandırılıb və məhv edilib, bir raket isə dənizə düşüb. Açıqlamada həmçinin qeyd olunub ki, eyni gündə aşkarlanan 121 PUA-dan 119-u təsirsiz hala gətirilib, iki PUA isə BƏƏ torpaqlarına düşüb. ABŞ və İsrailin İrana qarşı başladığı müharibədən bəri İran tərəfindən ölkənin hava məkanına edilən hücumlara dair açıqlamada verilən məlumatlara görə: cəmi 221 balistik raket aşkarlanıb, bunlardan 205-i məhv edilib, 14-ü dənizə düşüb və 2-si BAE torpaqlarına dəyib. Cəmi 1305 PUA aşkarlanıb, bunlardan 1229-u dayandırılıb, 76-sı ölkə torpaqlarına düşüb. 8 qanadlı raket aşkarlanaraq məhv edilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu bu səhər Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Dafra Hərbi Hava Bazasındakı ABŞ qüvvələrinin çoxsaylı pilotsuz uçuş aparatları ilə hədəfə alındığını açıqlayıb. İnqilabı Keşikçilər Korpusunun yaydığı məlumata görə, qurumun hərbi-dəniz qüvvələrinə məxsus pilotsuz uçuş aparatları bölməsi sübh vaxtı BƏƏ-də yerləşən Əl-Dafra Hərbi Hava Bazasına genişmiqyaslı hücum həyata keçirib.
İsrail hərbi təyyarələrinin Livanın cənubunda yerləşən Nəbatiyə şəhərinə bağlı Cəbşit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər həyatını itirib. Ölənlərdən 4-nün eyni ailənin üzvləri olduğu bildirilir. Livanın rəsmi xəbər agentliyi NNA-nın yaydığı məlumata görə, İsrail hərbi təyyarələri Cəbşit qəsəbəsində bir neçə hava hücumu həyata keçirib. Hücum nəticəsində 6 nəfər həlak olub, onlardan 4-ü eyni ailənin üzvləri olub. Bildirilir ki, İsrail təyyarələri səhər saatlarında qəsəbədə başqa bir yaşayış evini də hədəfə alıb. Hücum nəticəsində həmin ev tamamilə dağılıb.
Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirlə Yaxın Şərqdə artan hərbi gərginlik fonunda İranın krallığa qarşı həyata keçirdiyi hücumları müzakirə edib. Şahzadə Xalid şənbə günü sosial şəbəkədə paylaşım edərək bildirib ki, tərəflər İranın hücumlarını və bu hücumların dayandırılması üçün Birgə Strateji Müdafiə Sazişi çərçivəsində görülməsi zəruri olan tədbirləri müzakirə ediblər. O qeyd edib ki, bu cür hərəkətlər regional təhlükəsizlik və sabitliyi zəiflədir və İranın müdriklik göstərərək yanlış addımlardan çəkinəcəyinə ümid etdiklərini vurğulayıblar.
İsrailin Livanın müxtəlif bölgələrinə son 24 saat ərzində həyata keçirdiyi hava hücumları nəticəsində azı 39 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Məlumata əsasən, ölkənin şərqində yerləşən Nəbi Şit qəsəbəsinə həyata keçirilən 10 hava hücumu nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Cənubdakı Kalaviya qəsəbəsinə edilən hücum zamanı isə 2 nəfər həyatını itirib.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi krallığın strateji enerji infrastrukturuna qarşı planlaşdırılan hücumun qarşısının alındığını elan edib. VOA xəbər verir ki, Nazirliyin rəsmi sözçüsü tərəfindən verilən bəyanatda bildirilir ki, ölkənin cənub-şərqində yerləşən nəhəng Şeyba neft yatağını hədəf alan 4 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilərək Rübül-Xali səhrası üzərində zərərsizləşdirilib.
Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı ölkənin maliyyə sisteminin mövcud regional gərginliklər fonunda sabit fəaliyyət göstərdiyini açıqlayıb. BƏƏ Mərkəzi Bankının sədri Xalid Məhəmməd Bələmə ölkənin bank və maliyyə sektorunun dayanıqlı, güclü və sabit olduğunu bildirib. Rəsmi bəyanatda qeyd olunub ki, ölkə üzrə banklar, maliyyə qurumları və sığorta şirkətləri fəaliyyətlərini normal şəkildə davam etdirir və vətəndaşlara göstərilən xidmətlər fasiləsiz təmin olunur.
Ərəb Dövlətləri Liqası (ƏDL) İranın ərəb ölkələrinə qarşı həyata keçirdiyi "açıq hücumları" müzakirə etmək məqsədilə bazar günü nazirlər səviyyəsində fövqəladə iclas keçirəcək. Səudiyyə Ərəbistanı Xəbər Agentliyinin (SPA) yaydığı məlumata görə, iclas videokonfrans formatında baş tutacaq. Rəsmi Ər-Riyad və digər üzv dövlətlər bəyan ediblər ki, İranın son raket və PUA zərbələri beynəlxalq hüququn, mövcud nizamnamələrin və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozulmasıdır. İclasda bu hücumların qarşısının alınması və regional təhlükəsizliyin qorunması üçün kollektiv addımların atılması planlaşdırılır.
Diqqət ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə yönəldiyi bir vaxtda, Qəzza zolağı getdikcə daha mürəkkəb şərtlərlə üz-üzə qalır. Ötən ilin oktyabrında əldə edilmiş atəşkəs şərtlərinin icrasına yönəlmiş siyasi səylər dondurulub, bu isə bölgədəki humanitar böhranı daha da dərinləşdirir. HƏMAS və digər Fələstin qruplaşmaları "Tramp planı"nın ikinci mərhələsinə keçməyə ümid etsələr də, İranla müharibənin nəticələri bu yolu qeyri-müəyyənliyə itələyib. Atəşkəs sazişindən bəri İsrail bir neçə mühüm addımı gecikdirir. Rəsmi Təl-Əviv Qəzzanın idarə edilməsi üçün yaradılan "Milli Komitə"nin anklava daxil olmasına mane olur və qruplaşmaların tərksilah edilməsi üçün təzyiqləri artırır. Eyni zamanda, Vaşinqtonun xahişi ilə açılmış keçid məntəqələri yenidən bağlanıb.
Qətər hakimiyyəti paytaxt Doha yaxınlığında yerləşən və ABŞ-ın regiondakı ən mühüm hərbi mərkəzlərindən biri olan Əl-Udeyd hava bazasını hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısının alındığını elan edib. Qətər Müdafiə Nazirliyindən verilən rəsmi bəyanatda bildirilir: "Qətər Hava Hücumundan Müdafiə Qüvvələri Əl-Udeyd hava bazasını hədəf alan PUA hücumunu zərərsizləşdirib". Hadisə zamanı Qətər Daxili İşlər Nazirliyi təhlükəsizlik səviyyəsini ən yüksək həddə qaldıraraq, əhalini pəncərələrdən və açıq sahələrdən uzaq durmağa, qapalı məkanlarda qalmağa çağırmışdı. Bir müddət sonra təhlükənin sovuşduğu və vəziyyətin normallaşdığı elan edilib.