BAKI,VOA,Yusif Şərifzadə
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin maliyyə naziri Skott Bessentin Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq siyasətinin nəticələri ilə bağlı açıqlamalarına cavab verib. Qalibaf ABŞ-nin İran iqtisadiyyatını çökdürəcəyinə dair iddialarını rədd edib.
VOA xəbər verir ki, Bessent ABŞ-nin son 14 gün ərzində bölgədən 130 milyon barel neftin daşınmasına yardım etdiyini bildirib. O, Vaşinqtonun İran əleyhinə tətbiq etdiyi dəniz blokadasının və “İqtisadi Təcrid Əməliyyatı” adlandırılan kampaniyanın İran iqtisadiyyatını “çökdürəcəyini” iddia edib.
Qalibaf Bessentin açıqlamasına sosial şəbəkədə cavab verərək “əsl 130-lar” ifadəsindən istifadə edib. İran parlamentinin sədri müharibənin ABŞ-yə 130 milyard dollardan çox vəsaitə başa gəldiyini iddia edib.
Qalibaf, həmçinin ABŞ-nin iri maliyyə şirkətlərindən “Jane Street Capital”ın neft qiymətlərinin aşağı düşəcəyinə hesablanmış əməliyyatlar nəticəsində bir fyuçers dövründə 130 milyon dollardan çox itirdiyini irəli sürüb.
İran rəsmisinin “Jane Street”lə bağlı açıqlaması şirkətin enerji böhranı zamanı neft bazarlarına təsir göstərmək üçün ABŞ-nin səylərində iştirak etdiyinə dair yayılan iddialara istinad edir. Lakin təqdim olunan məlumatda bu iddiaları təsdiqləyən müstəqil sübut göstərilmir.
Qalibaf paylaşımına iqtisadçı Pol Kruqmanın Skott Bessentin bazara təsir göstərmək səylərindən bəhs edən son məqaləsinin görüntüsünü də əlavə edib. Məqalədə Bessentin uzunmüddətli borclanma xərclərinə təsir göstərmək cəhdlərinin gözlənilən nəticəni vermədiyi irəli sürülür.
Məqalədə ABŞ-nin 30 illik dövlət istiqrazlarının gəlirliliyinin əvvəlcə azalmasına baxmayaraq sonradan yenidən yüksəldiyinə diqqət çəkilir. Qalibaf bu arqumentlərdən istifadə edərək Vaşinqtonun iqtisadi təzyiq siyasətinin ABŞ iqtisadiyyatı və maliyyə bazarları üçün də ciddi xərclər yaratdığını göstərməyə çalışıb.