BAKI,VOA, Həcər Nazarova
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampı “qarışıqlıq yaratmamağa” çağırıb və Tehranla Vaşinqton arasındakı problemlərin dialoq və qarşılıqlı anlaşma memorandumunun icrası yolu ilə həll edilə biləcəyini bildirib .
VOA xəbər verir ki, Pezeşkian bu barədə şənbə günü Tehranda keçirilən mərasimdə çıxış edib.
“Dialoq və qarşılıqlı anlaşma memorandumu əsasında hərəkət etsək, problemləri həll edəcək və hüquqlarımızı təmin edəcəyik”, — İran prezidenti deyib.
O, Trampın qarışıqlıq yaratmamasının, İsrailin isə “təhlükəsizlik və təcavüzə səbəb olmamasının” İran, region və dünya üçün faydalı olduğunu vurğulayıb.
Pezeşkian İranın müharibə istəmədiyini, lakin istənilən hücuma qarşı qətiyyətlə cavab verəcəyini bildirib.
“Müharibə istəmirik, lakin təcavüz qarşısında gücümüzlə dayanacaq və özümüzü müdafiə edəcəyik”, — deyə o qeyd edib.
İran prezidenti bildirib ki, Tehran problemlərin dialoq yolu ilə həllinə çalışır. Bununla yanaşı, İran xalqının, dövlət rəsmilərinin və hərbi komandirlərin təhdid və təcavüz qarşısında “heç vaxt təslim olmayacağını” vurğulayıb.
Pezeşkian həmçinin İsraili müsəlman ölkələri arasında parçalanma yaratmağa çalışmaqda ittiham edib və İslam ölkələri arasında daha böyük birliyin bu cür cəhdlərin qarşısını ala biləcəyini deyib.