BAKI,VOA,Yusif Şərifzadə
İranın müdafiə naziri vəzifəsini icra edən Məcid İbn Rza ölkəsinin müdafiə imkanlarını gücləndirməkdən geri çəkilməyəcəyini bildirib. O, İranın təhlükəsizliyinin qorunması və mümkün hücumların qarşısının alınması üçün hərbi imkanların inkişaf etdirilməsinin davam etdiriləcəyini vurğulayıb.
VOA xəbər verir ki, Məcid İbn Rza Müdafiə Nazirliyinin əsas vəzifəsinin İranın gücünü artırmaq, ölkənin təhlükəsizliyini qorumaq və qarşı tərəfi mümkün hücumdan çəkindirəcək müdafiə imkanları yaratmaq olduğunu bildirib. Onun sözlərinə görə, məqsəd İranla bağlı hər hansı yanlış hesablamanın qarşısını almaqdır.
İran rəsmisi milli birliyi ölkənin müdafiə gücünün “ən mühüm hissəsi” adlandırıb. O bildirib ki, İrana qarşı hücum həyata keçirəcək hər hansı qüvvə qarşısında vahid xalq görəcək.
İbn Rza güclü İranın qurulması üçün bütün imkanlardan istifadə ediləcəyini və zəruri hesab edilən fədakarlıqlardan çəkinilməyəcəyini söyləyib. Nazir vəzifəsini icra edən şəxs müdafiə sahəsində üzərlərinə düşən vəzifələrin davam etdiriləcəyini vurğulayıb.
“Bu vəzifə çiyinlərimizdə olduğu müddətdə mövqeyimizi tərk etməyəcəyimizə söz veririk”, – deyə İbn Rza bildirib.
Onun açıqlaması İranın yüksək vəzifəli rəsmilərinin son günlər milli birlik və ictimai həmrəyliyin qorunması ilə bağlı ardıcıl çağırışlar etdiyi bir vaxta təsadüf edir.
İranın ali rəhbəri Müctəba Xamenei də bundan əvvəl ölkə daxilində birliyin qorunmasının vacibliyini vurğulamışdı. Xamenei ictimai həmrəyliyə zərər vuran fəaliyyətlərin yolverilməz olduğunu bildirmişdi.