BAKI,VOA,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub. Tərəflər Yaxın Şərqdə gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səyləri müzakirə ediblər.
VOA xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Regional vəziyyət və mövcud gərginliyin aradan qaldırılması istiqamətində görülən diplomatik tədbirlər də diqqət mərkəzində olub.
Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Qətərin bölgədə qarşıdurmanın azaldılmasına yönəlmiş bütün diplomatik səyləri dəstəklədiyini bildirib.
Qətərin xarici işlər naziri xüsusilə dəniz yollarında sərbəst hərəkətin təmin olunmasının vacibliyini vurğulayıb. O, mövcud böhranın danışıqlar və diplomatik vasitələrlə həllinin tərəfdarı olduqlarını bildirib.
Qətər tərəfinin açıqlamasına görə, Doha bölgədə davamlı sülhü təmin edə biləcək razılaşmanın əldə olunmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir.
Telefon danışığında Qətər və Türkiyənin regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində əməkdaşlığının davam etdirilməsinin əhəmiyyəti də qeyd olunub.
Danışıq bölgədə gərginliyin azaldılması, dəniz yollarında sərbəst hərəkətin təmin edilməsi və diplomatik həll yollarının tapılması istiqamətində regional səylərin intensivləşdiyi bir vaxta təsadüf edir.