BAKI,VOA,Yusif Şərifzadə
Türkiyə Qəzzaya humanitar yardım aparmağa çalışan fəallara qarşı hücumla bağlı cinayət işi çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu haqqında İnterpolun qırmızı bildirişinin verilməsi üçün müraciət edəcəyini açıqlayıb. Ankara daha əvvəl Netanyahu barəsində ölkə daxilində həbs qərarı çıxarıb.
VOA xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlək bildirib ki, Ədliyyə Nazirliyi Netanyahu və iş üzrə digər şübhəli barəsində beynəlxalq axtarışın təmin edilməsi məqsədilə İnterpolun qırmızı bildirişinin çıxarılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
İş İsrail qüvvələrinin beynəlxalq sularda Qəzzaya humanitar yardım çatdırmağa çalışan donanmanın qarşısını alması ilə əlaqədardır. Türkiyədə aparılan istintaq ümumilikdə 35 nəfəri əhatə edir.
Türkiyə tərəfinin məlumatına görə, Netanyahu və digər şübhəli barəsində soyqırımı, insanlıq əleyhinə cinayətlər və işgəncə də daxil olmaqla bir sıra ittihamlar üzrə həbs qərarları çıxarılıb.
Akın Gürlək bildirib ki, Türkiyə Qəzzada törədildiyini bildirdiyi cinayətlərə görə İsrailin məsuliyyətə cəlb olunması üçün mövcud bütün hüquqi vasitələrdən istifadə edəcək.
Hadisənin əsasında “Global Sumud Flotilla”nın Qəzzaya yardım çatdırmaq cəhdləri dayanır. May ayında İsrail qüvvələri Qəzzaya doğru hərəkət edən donanmaya məxsus ən azı iki gəmiyə atəş açmışdı. Bundan əvvəlki yardım səfərlərinin də beynəlxalq sularda İsrail tərəfindən dayandırıldığı bildirilmişdi.
İnterpolun qırmızı bildirişi üzv ölkələrin hüquq-mühafizə orqanlarına şəxsin yerinin müəyyənləşdirilməsi və mümkün ekstradisiya proseduru ərəfəsində müvəqqəti saxlanılması barədə müraciətdir. Bu bildiriş özlüyündə beynəlxalq həbs qərarı sayılmır. İnterpol üzv dövlətlərin müraciətlərini araşdırdıqdan sonra qırmızı bildirişin verilib-verilməməsi barədə qərar qəbul edir.
Netanyahunun ofisi Türkiyənin addımını sərt şəkildə tənqid edib. İsrail tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail rəhbərliyini və hərbçilərini qorxutmaq cəhdinin nəticə verməyəcəyini bildirib və təşəbbüsü “acınacaqlı” adlandırıb.
Son günlər Türkiyə ilə İsrail arasında Suriya məsələsi üzrə də qarşılıqlı ittihamlar səsləndirilib. İsrail Suriyadakı Əbu əz-Zuhur hərbi hava bazasına zərbələr endirib. İsrail tərəfi Türkiyə qüvvələrinin həmin bazaya yerləşdirilə biləcəyini bildirsə də, Suriya belə bir planın olmadığını açıqlayıb.
Ankara İsrailin Suriyadakı hərbi fəaliyyətini və Türkiyəyə qarşı açıqlamalarını tənqid edir. Türkiyə tərəfi İsrailin son addımlarını bu ölkədə oktyabrda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsində daxili siyasi proseslərlə də əlaqələndirir.