BAKI,VOA
Türkiyə Ədliyyə Nazirliyi Qəzzaya humanitar yardım aparmaq məqsədilə yola çıxan Qlobal Sumud Donanması fəallarına qarşı beynəlxalq sularda baş verdiyi bildirilən müdaxilə ilə bağlı məhkəmə prosesi çərçivəsində İsrailin Baş naziri Binyamin Netanyahu və Afek Moskovitch barədə qırmızı bülleten verilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Daxili İşlər Nazirliyindən alınan sənədlər Türkiyənin Xarici İşlər Nazirliyinə təqdim edilib.
Məsələ İstanbul 11-ci Ağır Cəza Məhkəməsində 2026/108 saylı iş üzrə aparılan istintaq və məhkəmə prosesinə daxildir. Məhkəmə 14 iyul 2026-cı il tarixli ara qərarı ilə Netanyahu və Moskovitch barədə tutma qərarları çıxarıb. Həmin qərarlardan sonra onların beynəlxalq səviyyədə axtarışa verilməsi məqsədilə qırmızı bülleten prosedurunun başladılması tələb olunub.
İş üzrə ümumilikdə 35 təqsirləndirilən şəxs barəsində məhkəmə araşdırmasının aparıldığı bildirilir. Netanyahu və Moskovitchə insanlığa qarşı cinayət, soyqırım, şəxsi azadlıqdan məhrum etmə, qəsdən xəsarət yetirmə, işgəncə, əmlaka zərər vurma, ağırlaşdırıcı hallarda quldurluq və nəqliyyat vasitələrinin ələ keçirilməsi ilə bağlı cinayət əməlləri aid edilir.
Türkiyə tərəfi bildirir ki, Qlobal Sumud Donanması fəalları Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxıb və onların beynəlxalq sularda saxlanılması ilə bağlı əməllər hüquqi araşdırmanın predmetidir. Türkiyə Xarici İşlər Nazirliyi də daha əvvəl flot iştirakçılarına qarşı müdaxiləni və saxlanılan şəxslərə münasibəti sərt şəkildə pislədiyini açıqlamışdı.
Türkiyə rəsmiləri Netanyahu hökumətinin hüquqi məsuliyyətdən kənarda qala biləcəyi fikrini qəbul etmədiklərini vurğulayırlar. Ankara Qəzzada baş verdən cinayətlərin araşdırılması və məsul şəxslərin hüquq qarşısında cavab verməsi üçün milli və beynəlxalq hüquqi mexanizmlərdən istifadə ediləcəyini bildirir.
Qlobal Sumud Donanması Qəzzaya tətbiq edilən blokadanı yarmaq və bölgəyə humanitar yardım çatdırmaq məqsədi ilə çoxsaylı ölkələrdən fəalların qatıldığı beynəlxalq təşəbbüs kimi fəaliyyət göstərir. Donanma ilə bağlı müdaxilələr beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olub.
Beləliklə, İstanbulda davam edən məhkəmə prosesi yalnız Türkiyə daxilindəki hüquqi prosedurla məhdudlaşmır. Netanyahu və digər təqsirləndirilən şəxslər barədə qırmızı bülleten tələbinin irəli sürülməsi işin beynəlxalq hüquqi müstəvidə də daha geniş müzakirə olunmasına səbəb ola bilər.