BAKI,VOA, Fərid Mikayılov
Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğu və iki ölkənin regional strateji tərəfdaşlığı dərinləşdirdiyi bildirilib.
VOA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanlı istefada olan general, strateji araşdırmalar üzrə mütəxəssis Məhəmməd Saleh əl-Harbi "Al Jazeera" telekanalının efirində bəyan edib.
Əl-Harbi Türkiyənin etibarlı müttəfiq olduğunu vurğulayaraq, Türk şirkətlərinin Səudiyyə Ərəbistanında irimiqyaslı layihələr həyata keçirdiyini, xüsusilə müdafiə sənayesi sahəsində "Baykar" şirkəti ilə mühüm tərəfdaşlığın qurulduğunu diqqətə çatdırıb.
O, həmçinin Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının regional müstəvidə güclərini birləşdirərək strateji tarazlıq formalaşdırdıqlarını qeyd edib.
Müsahibədə iki ölkənin Nəqliyyat nazirlikləri arasında imzalanan sazişlə əsası qoyulan yeni dəmir yolu layihəsinə də toxunulub. Səudiyyə Ərəbistanından başlayaraq İordaniya və Suriya üzərindən Türkiyəyə uzanması nəzərdə tutulan təxminən 3 min kilometrlik dəmir yolu xətti Asiya ilə Avropanı bir-birinə bağlayacaq. Layihənin Körfəz ölkələri üçün alternativ nəqliyyat və lojistika koridoru yaradacağını bildirən əl-Harbi, bu təşəbbüsün qlobal təchizat zəncirinə müsbət təsir göstərəcəyini və marşrut üzərindəki bütün ölkələrə iqtisadi dividendlər qazandıracağını vurğulayıb.