BAKI,VOA, Fərid Mikayılov
Birləşmiş Ştatlar Suriyada hərbi gərginliyin artması fonunda İsrail və Türkiyənin birbaşa hərbi qarşıdurmaya yaxınlaşmadığını bəyan edib.
VOA xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "Reuters" agentliyinə müsahibəsində bildirib.
Səfir Vaşinqtonun İsrail, Türkiyə və Suriya arasında gərginliyi azaltmaq üçün artıq xüsusi deeskalasiya mexanizminin hazırlanmasına başladığını və bu prosesin tamamlama mərhələsində olduğunu vurğulayıb.
Hakabi İsrailin Suriya ərazisindəki hərbi addımlarının məhdud xarakter daşıdığını, Türkiyə qüvvələrinin cənuba doğru hərəkətini potensial təhlükə kimi görsə də, ciddi insan tələfatı və ya böyük dağıntılara yol açacaq əməliyyatlar keçirmədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın Suriyaya səfəri zamanı İsrail qüvvələri Əl-Quneytrə vilayətindəki kənd təsərrüfatı torpaqlarına raket zərbəsi endirib, hadisə zamanı xəsarət alan olmayıb.