İsrailin keçmiş müdafiə naziri və “Bizim Evimiz İsrail” partiyasının lideri Aviqdor Liberman Baş nazir Benyamin Netanyahunu Qəzza müharibəsi zamanı HƏMAS-la gizli əlaqələr saxlamaqda ittiham edib. Libermanın sözlərinə görə, Netanyahu 2014-cü ildə Qəzza müharibəsi zamanı HƏMAS rəhbərliyi ilə təhlükəsizlik və hərbi rəhbərliyin məlumatı olmadan əlaqə yaradıb. O, baş nazirin Yəhya Sinvarla da yazışdığını iddia edib.
#Benyamin Netanyahu
İordaniyanın paytaxtı Əmmanda Suriya və İsrail nümayəndə heyətləri arasında keçirilən son görüş iki ölkə arasında təhlükəsizlik razılaşmasının əldə olunması ehtimalını yenidən gündəmə gətirib. Görüşdə Suriyanın cənubundakı vəziyyət və avqustun 22-də İsrailin Əbu Zühur hərbi hava limanına endirdiyi zərbə müzakirə olunub. Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əş-Şeybani rəhbərlik edib. İsrail tərəfdən isə Mossad rəhbəri Roman Qofman nümayəndə heyətinə başçılıq edib.
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts HƏMAS-ı Qəzzada zorakılığın artmasına görə günahlandırıb. O bildirib ki, HƏMAS atəşkəs çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək imkanına hələ də malikdir. Uoltsun sözlərinə görə, təşkilat iki dəfə silahsızlanmağa razılıq verib. Sonuncu razılığın Sülh Şurasının təqdim etdiyi 15 bəndlik yol xəritəsinin qəbul edilməsi zamanı verildiyi bildirilir. ABŞ səfiri HƏMAS-ın bəyanatlarının deyil, konkret addımlarının əsas götürüləcəyini vurğulayıb. Bu arada İsrail son həftələr Qəzza zolağına hücumlarını gücləndirib və hücumlarda fələstinli mülki şəxslər də həlak olub. İsrailin Baş naziri Benyamin Netanyahu isə 15 bəndlik yol xəritəsini rədd edib. Bu məsələnin ABŞ və İsrail rəhbərliyi arasında fikir ayrılıqlarına səbəb olduğu bildirilir.
ABŞ Senatındakı 45 demokrat senator Benyamin Netanyahuya məktub göndərib. Senatorlar İordan çayının qərb sahilində zorakılığın artmasından narahatlıqlarını bildiriblər. Məktubda israilli məskunlaşanların fələstinlilərə qarşı hücumlarının dayandırılması tələb olunub. Fələstinlilərin kütləvi həbslərinə də diqqət çəkilib. Senatorlar məscidlərə hücumlarla bağlı məlumatlardan narahat olduqlarını bildiriblər. 2022-ci ildən bəri öldürülən doqquz ABŞ vətəndaşının ölümü ilə bağlı araşdırmaların genişləndirilməsi tələb edilib. Məktubu Adam Şiff, Çak Şumer və Kori Buker hazırlayıblar. Bu addım ABŞ demokratları ilə İsrail hökuməti arasında fikir ayrılıqlarının artdığını göstərir.
Benyamin Netanyahu İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin genişləndirilməsinin davam etdiriləcəyini bildirib. Açıqlama beynəlxalq etirazların artdığı bir dövrdə verilib. Netanyahu hökuməti son illərdə yeni yaşayış məntəqələrinin yaradılmasını sürətləndirib. İsrailin Baş naziri 104 yaşayış məntəqəsinin yaradıldığını və qanuniləşdirildiyini bildirib. O, həmçinin 160 təsərrüfatın yaradıldığını açıqlayıb. Netanyahu bu göstəricilərin daha da artacağını deyib. Ötən həftə 1 200-dən çox yeni evin tikintisi ilə bağlı addım Avropada etirazla qarşılanıb. Yaşayış məntəqələrinin genişləndirilməsi Fələstin dövlətinin yaradılması imkanları ilə bağlı narahatlıqları artırır.
Beynəlxalq Cinayət Məhkəməsinin sədri Tomoko Akane qurumun heç vaxt fəaliyyətini dayandırmamalı olduğunu bildirib. O, ABŞ-nin təzyiqlərinə baxmayaraq geri çəkilməyəcəyini açıqlayıb. ABŞ dövlət katibi Marko Rubio ötən həftə Akane və digər məhkəmə nümayəndəsinə qarşı məhdudiyyətlər elan edib. Akane daha əvvəl oxşar vəziyyətlə üzləşmiş hakimləri özünə nümunə göstərib. Yaponiya hökuməti də ona dəstək ifadə edib. ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin bəzi dövlətlərin rəsmilərinə qarşı fəaliyyətinə etiraz edir. Tərəflər arasındakı gərginlik Benyamin Netanyahu barəsində həbs qərarından sonra daha da artıb. Məhkəmə keçmiş müdafiə naziri Yoav Qalant barəsində də həbs qərarı verib.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı başlatdığı ən böyük maliyyə həmləsini dəstəkləyərək İranı idarə edən qrupla diplomatik razılaşmaya gəlməyin qeyri-mümkün olduğunu bəyan edib. Vaşinqtona son səfəri zamanı Prezident Trampla İranla diplomatiya imkanlarını müzakirə etdiyini qeyd edən Netanyahu bu barədə: "Lakin oradakı həmin qrupla, bu vəhşilərlə bir razılaşmaya nail olmağın mümkünlüyünə şübhə ilə yanaşıram. Sizə deyirəm, heç bir razılaşma əldə etmək mümkün deyil".-deyə bildirib.
Qəzza zolağında uşaqların çərpələng uçurması İsrail ilə Fələstin arasında növbəti mübahisə mövzusuna çevrilib. İsrailin bununla bağlı “Sülh Şurası”na şikayət etməsindən sonra qurum Qəzzada çərpələng uçurulmasını da “silahlı fəaliyyət” kimi qiymətləndirib. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz daha əvvəl çərpələng, pilotsuz uçuş aparatları və şarlardan istifadə dayandırılmadığı təqdirdə hərbi əməliyyatların gücləndiriləcəyi və həmin ərazilərdə yaşayan insanların təxliyə ediləcəyi barədə xəbərdarlıq ediblər.
İsrailin sağçı deputatı Tsvi Sukot İordan çayının qərb sahilində Fələstində həlak olanların xatirəsinə ucaldılmış memorialı dağıdıb. Hadisə İsrail daxilində həm hökumət, həm də müxalifət nümayəndələrinin sərt tənqidlərinə səbəb olub. Sukot Nablusun şimalındakı Madama kəndinə səfəri zamanı çəkiclə üzərində Fələstinlilərin adları yazılmış memorialı dağıdıb. Hadisənin İsrail hərbçilərinin iştirakı ilə baş verdiyi və görüntülərin sosial şəbəkələrdə yayıldığı bildirilib.
İsrail hökuməti E1 layihəsi çərçivəsində 1200-dən çox mənzilin tikintisi üçün müsabiqə elan edib. Layihə Maale Adumim və digər İsrail yaşayış məntəqələrini işğal altındakı Şərqi Qüdslə əlaqələndirməyi nəzərdə tutur. E1-in həyata keçirilməsi İordan çayının qərb sahilinin ərazi bütövlüyünə ciddi təsir göstərə bilər. Layihə beynəlxalq ictimaiyyətin geniş etirazına səbəb olub. Buna baxmayaraq, İsrailin sağçı siyasi qüvvələrinin bu tənqidlərdən seçki kampaniyasında istifadə edə biləcəyi bildirilir. Netanyahu xarici tənqidləri İsrailə qarşı təzyiq kimi təqdim etməklə sağçı seçiciləri səfərbər edə bilər. Betsalel Smotriç üçün də E1 layihəsi seçki kampaniyasının əsas mövzularından birinə çevrilə bilər. İsraildə parlament seçkilərinin oktyabrın 27-də keçirilməsi nəzərdə tutulur.
Hadisə bombardmandan bir neçə gün əvvəl başladı. İsraillilər amerikalılara kəşfiyyat məlumatlarına əsasən Türkiyənin Əbu əz-Zühur bazasında hərbi vasitələr yerləşdirmək üçün hərəkətə keçdiyini bildirdilər. Vaşinqton məsələni araşdırdı və cavabında əlindəki məlumatların Təl-Əvivin iddialarını təsdiqləmədiyini bildirdi. Bundan sonra Amerika İsrailin narahatlığını aradan qaldırmaq və eskalasiyanın qarşısını almaq üçün "Mossad", Dəməşq və Ankara arasında təmaslara vasitəçilik etdi. İki gün sonra Suriyanın Xarici İşlər naziri Əsəd əş-Şeybani ABŞ nümayəndəsi Tom Barak ilə İstanbulda görüşdü. Həmin vaxt ölkənin mərkəzində, Tədmur yaxınlığındakı bazanın vurulmasından əvvəl olduğu kimi, böhranın yatırılacağı ehtimal edilirdi. Hətta ilin əvvəlindən dayandırılmış Suriya-İsrail danışıqlarının yenidən bərpa olunacağı və ümumi təhdidlərə qarşı kəşfiyyat məlumatlarının mübadiləsi üçün Əmmanda yaradılmış "Əlaqələndirmə Mərkəzi"nin inkişaf etdiriləcəyi düşünülürdü.
Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahu haqqında İnterpolun qırmızı bildirişinin çıxarılmasına çalışacaq. Məsələ Qəzzaya humanitar yardım aparan donanmanın İsrail tərəfindən dayandırılması ilə bağlı Türkiyədə açılmış cinayət işi çərçivəsində gündəmə gəlib. Türkiyə məhkəməsi Netanyahu və digər şübhəli barədə həbs qərarı çıxarıb. İttihamlar arasında soyqırımı, insanlıq əleyhinə cinayətlər və işgəncə yer alır. İş ümumilikdə 35 nəfəri əhatə edir. Ankara Netanyahu barədə beynəlxalq axtarış imkanının yaradılmasını istəyir. İnterpol müraciəti araşdırdıqdan sonra qırmızı bildirişin verilməsi barədə qərar qəbul edəcək. İsrail Netanyahunun ofisi vasitəsilə Türkiyənin addımını rədd və sərt şəkildə tənqid edib.