BAKI,VOA,Yusif Şərifzadə
SpaceX şirkətinin açıq səhmdar cəmiyyətinə çevrildikdən sonra keçirəcəyi ilk maliyyə hesabatı konfransı ərəfəsində investorların diqqəti təkcə şirkətin gəlirlərinə deyil, həm də qeyri-adi mövzulara yönəlib.
VOA xəbər verir ki, maliyyə hesabatı konfransında süni intellektə yatırımlar, Starlink peyk rabitəsi şəbəkəsinin gəlirləri və şirkətin maliyyə göstəricilərinin əsas müzakirə mövzuları olacağı gözlənilir.
Bununla yanaşı, şirkət investorlar üçün sual platforması yaradıb. Burada səhmdarlar suallar göndərə və cavablandırılmasını istədikləri mövzulara səs verə bilirlər.
Ən çox səs toplayan suallar arasında Starship kosmik gəmisinin Ay missiyası üçün hazırlanan insan daşıyan versiyasının daha çox görüntüsünün paylaşılması istəyi yer alıb.
İnvestorlar həmçinin Asteroid adlı yeni maskotun maarifləndirmə və xeyriyyə layihələrində daha geniş istifadə olunmasının mümkünlüyünü soruşublar.
Digər suallar isə Starship gəmisinin orbitdə yanacaq doldurmasına nə vaxt başlayacağı, raketin hər iki hissəsinin yenidən yerə qaytarılması texnologiyası və hətta raketin çəhrayı rəngə boyanmasının mümkün olub-olmaması ilə bağlı olub.
Reuters yazır ki, SpaceX ilkin səhmlərinin təxminən 30 faizini fərdi investorlara ayırıb. Bu da ABŞ-da son illərin ən böyük fərdi investor iştiraklarından biri hesab olunur.