BAKI,VOA,Yusif Şərifzadə
İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi region ölkələrini ABŞ ilə əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.
VOA xəbər verir ki, İran dövlət televiziyasının yaydığı açıqlamada Əli Abdullahi ABŞ-ın İrana qarşı addımlarının bölgədə genişmiqyaslı münaqişə riskini artırdığını iddia edib.
General-mayor bildirib ki, region ölkələri başa düşməlidirlər ki, ABŞ onların maliyyə imkanlarından, infrastrukturundan və digər resurslarından öz zəifləyən hərbi potensialını qorumaq üçün müdafiə vasitəsi kimi istifadə etməyə çalışır.
Onun sözlərinə görə, bu səbəbdən region dövlətləri Vaşinqtonla əməkdaşlıq və yaxınlaşma siyasətinə yenidən baxmalıdırlar.
Əli Abdullahi xəbərdarlıq edib ki, ABŞ üçün "müdafiə sipəri" rolunu oynayan hər bir ölkə müharibənin təsirləri ilə üzləşə bilər.
İran rəsmisinin bu bəyanatı bölgədə davam edən hərbi və siyasi gərginlik fonunda səsləndirilib.