BAKI,VOA, Fərid Mikayılov
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi ABŞ ilə əməkdaşlıq edən region ölkələrinə sərt xəbərdarlıq edib.
VOA xəbər verir ki, o bildirib ki, Vaşinqton regionda müharibəni genişləndirmək və qanunsuz hökmranlığını gücləndirmək məqsədi daşıyan təhlükəli strategiya həyata keçirir.
Generalın sözlərinə görə, ABŞ müsəlman ölkələrinin maliyyə resurslarından, strateji infrastrukturundan və digər imkanlarından öz zəifləyən ordusu üçün müdafiə qalxanı kimi istifadə edir, eyni zamanda İsrailin hərbi potensialını gücləndirir.
Abdullahi iddia edib ki, ABŞ və İsrail İrana qarşı məqsədlərinə nail ola bilmədikləri üçün müharibənin yükünü region ölkələrinin üzərinə qoymağa çalışırlar.
İranlı general region ölkələrini ABŞ ilə əməkdaşlığa yenidən baxmağa çağıraraq bildirib ki, Vaşinqtonun tərəfini tutan və ona müdafiə qalxanı olan istənilən dövlət müharibənin nəticələri ilə üzləşəcək.