BAKI,VOA,Yusif Şərifzadə
Niderlandın yarımkeçirici istehsalçısı NXP Semiconductors şirkətinin çip layihələndirən Ambarella şirkətini satın almaq üçün danışıqlar apardığı bildirilir.
VOA xəbər verir ki, bu barədə Financial Times qəzeti məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumatın yayılmasından sonra bazarda Ambarella şirkətinin səhmləri təxminən 17 faiz bahalaşıb. NXP Semiconductors-un səhmləri isə 3 faizdən çox ucuzlaşıb.
Hazırda bazar dəyəri təxminən 3,25 milyard ABŞ dolları olan Ambarella aşağı enerji sərfiyyatlı süni intellekt çipləri və proqram təminatı hazırlayır. Şirkətin məhsulları müşahidə kameraları, avtomobillər, robotlar və digər kənar hesablama qurğularında istifadə olunur.
Mümkün satınalma NXP Semiconductors-un proqram təminatı ilə idarə olunan avtomobillər, radar sistemləri və elektriklə işləyən nəqliyyat vasitələri sahəsində imkanlarını daha da genişləndirə bilər.
Qəzetin məlumatına görə, tərəflər arasında danışıqlar davam etsə də, onların razılaşma ilə nəticələnəcəyinə dair hələlik qəti qərar yoxdur.
NXP Semiconductors və Ambarella məsələ ilə bağlı Reuters agentliyinin sorğusunu hələlik cavablandırmayıblar.