BAKI,VOA,Yusif Şərifzadə
Avropa İttifaqı, Böyük Britaniya, Danimarka və Yaponiya da daxil olmaqla bir sıra ölkələr İsrail qüvvələrinin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə məxsus obyektə müdaxilə edərək onu ələ keçirməsini pisləyən birgə bəyanat yayıblar.
VOA xəbər verir ki, bəyanatı imzalayan tərəflər İsraili BMT qarşısındakı öhdəliklərinə dərhal və tam şəkildə əməl etməyə çağırıblar. Onlar agentliyin ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyətini heç bir müdaxilə olmadan davam etdirməsinə şərait yaradılmasının vacibliyini vurğulayıblar.
Birgə bəyanatda İsrailin BMT qurumlarının fəaliyyətinə dair beynəlxalq öhdəliklərinə riayət etməsinin zəruriliyi xüsusi qeyd olunub. Tərəflər Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyin fəaliyyətinə maneələrin aradan qaldırılmasını tələb ediblər.
Məlumata görə, İsrail qüvvələri çərşənbə axşamı Kəfr Əqəb məhəlləsində yerləşən Qələndiya Təlim Mərkəzinə daxil olaraq obyekti nəzarətə götürüblər.
Əməliyyat zamanı agentliyin əməkdaşları mərkəzdən çıxarılıb və onlara obyektə geri qayıtmamaq barədə göstəriş verilib.
Hadisə BMT agentliyinin Fələstin ərazilərindəki fəaliyyəti və İsrailin bu quruma münasibəti ilə bağlı beynəlxalq müzakirələri yenidən gündəmə gətirib.