BAKI,VOA,Yusif Şərifzadə
Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan məsələləri üzrə dövlət naziri Stiven Dauti İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüdsdə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Qələndiya Təlim Mərkəzinə zorla daxil olaraq obyekti ələ keçirməsini pisləyib.
VOA xəbər verir ki, Stiven Dauti İsrailin bu addımını “qəbuledilməz” adlandıraraq BMT-yə məxsus obyektlərin toxunulmazlığına hörmət edilməli olduğunu bildirib.
Britaniyalı nazir Qələndiya Təlim Mərkəzinin uzun illər ərzində fələstinli qaçqınların təhsil almasına və gələcək imkanlar əldə etməsinə xidmət etdiyini vurğulayıb.
Dauti İsrailin üzərinə düşən öhdəliklərə əməl etməli olduğunu bildirib.
Onun sözlərinə görə, İsrail BMT-yə məxsus obyektlərin toxunulmazlığına hörmət göstərməlidir.
İsrail qüvvələrinin Qələndiya Təlim Mərkəzinə daxil olması və obyekti ələ keçirməsi BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin də etirazına səbəb olub.