BAKI,VOA Orxan Qədirzadə
Suriyanın Latakiya vilayətində keçirilən təhlükəsizlik əməliyyatı zamanı devrilmiş Bəşşar Əsəd rejiminin iki yüksək rütbəli zabiti — general-mayor Heysəm Bərakat və general-mayor Mərvan Bərakat saxlanılıb.
Suriya Daxili Təhlükəsizlik Komandanlığının məlumatına görə, əməliyyat Qərdəha şəhərində həyata keçirilib. Saxlanılan şəxslərin terror və digər təhlükəsizliklə bağlı işlərdə iştirakı araşdırılır.
Hakimiyyət bildirir ki, əməliyyat keçmiş rejimlə əlaqəli şəxslərin və təhlükəsizliyə təhdid yaradan şəxslərin müəyyənləşdirilməsi istiqamətində aparılan tədbirlərin tərkib hissəsidir.
Qeyd edək ki, Bəşşar Əsəd rejiminin 2024-cü il dekabrın 8-də devrilməsindən sonra Suriya təhlükəsizlik qüvvələri keçmiş rejimin hərbi və təhlükəsizlik strukturlarında çalışmış şəxslərə qarşı bir sıra əməliyyatlar keçirib. Hakimiyyət saxlanılan şəxslərin bir qisminin məhkəməyə göndərildiyini və bəzilərinə ağır cəzalar verildiyini açıqlayıb.